Tarixi sənədlər və faktlar göstərir ki, 1990-cı illərin əvvəllərində paytaxtda və bölgələrdə baş verən hadisələr birbaşa dövlətçiliyin məhvinə yönəlmişdi. Separatçı qüvvələrin fəallaşması və torpaqlarımızın ard-arda işğalı ölkəni parçalanma həddinə çatdırdı. Millət öz ümidini Naxçıvana bağlayaraq Ulu Öndər Heydər Əliyevin Bakıya gəlişini tələb etdi.
Dahi dövlət xadiminin hakimiyyətə tarixi dönüşu xalq-lider birliyinin sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. 15 İyunda Ali Sovetin sədri seçilən dahi rəhbər milli həmrəylik ideyasını irəli sürdü. Onun zəngin idarəçilik təcrübəsi dağılmaqda olan dövlət mexanizmlərini yenidən canlandırdı.
Məhz bu səbəbdən də xalq-lider birliyinin sarsılmaz gücü müasir inkişaf tariximizin ən fundamental və dəyişməz hərəkətverici amili kimi çıxış edir. Qurtuluş məfkurəsindən qaynaqlanan inkişaf xətti bütün milli resursların dövlət müstəqilliyi naminə səfərbər olunmasına yönəlmişdi. YAP-ın formalaşdırdığı sağlam siyasi mühit, neft strategiyasının böyük uğurları və nizami hərbi hissələrin yaradılması qalib dövlətimizin möhkəm sütunlarını təşkil etdi. Müasir Azərbaycanın qazandığı tarixi Zəfər Heydər Əliyev məktəbinin və onun layiqli davamçısının sarsılmaz strateji dühasının məntiqi nəticəsidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə icra olunan Böyük Qayıdış proqramı azad torpaqlarımıza yenidən həyat bəxş edir və qurtuluş salnaməmizi əbədiləşdirir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu