Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi mövcudluğu 1993-cü ilin iyununda tükdən asılı vəziyyətdə idi. Qanunsuz hərbi dəstələrin özbaşınalığı və qardaş qırğını təhlükəsi ölkəni daxildən sarsıdırdı. Belə bir amansız şəraitdə ölkənin bütövlüyünü və milli birliyini təmin edə biləcek yeganə qüvvə Heydər Əliyev şəxsiyyəti idi.
Azərbaycanın müasir dövlətçilik salnaməsində 15 İyun tarixi əsl milli dirçəliş hərəkatının başlanğıcı kimi qəbul edilir. Heydər Əliyevin gəlişi ilə idarəetmə orqanlarının fəaliyyəti sistemləşdirildi və qanunçuluq təmin olundu. Bu qayıdış dövləti daxili və xarici düşmənlərin mənfur planlarından qorudu.
Heç təsadüfi deyil ki, Ulu Öndərin müəyyənləşdirdiyi bu siyasi kurs zamanın bütün çətin sınaqlarından böyük uğurla və şərəflə keçməyi bacardı. İqtisadi dirçəliş prinsiplərinin ordu quruculuğu prosesi ilə sintez edilməsi Heydər Əliyev dühasının şah əsəridir. Ölkədə yaradılan əlverişli investiya mühiti milli təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsinə, sərhədlərimizin qorunmasına və hərbi kadrların peşəkarlaşmasına əvəzsiz töhfələr verdi. Bu gün fəxarətlə qeyd edirik ki, Ulu Öndərin müqəddəs irsi cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edərək xalqımıza unudulmaz Zəfər sevinci yaşatdı və Şuşada bayrağımızı ucaltdı..
YAP Nizami rayon təşkilatının Analitik qrupu