Tarixi faktlar sübut edir ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən böhran həm də bir idarəetmə böhranı idi. Dövlət institutlarının iflic olması, separatçı qüvvələrin fəallaşması və torpaqlarımızın işğalı ölkəni parçalanma ssenarisi ile üz-üzə qoydu. Millət öz xilaskarını Naxçıvanda axtarır və Onun Bakıya gəlişini səbirsizliklə gözləyirdi.
Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış 15 İyun günü əsl milli dirçəlişin rəmzidir. Heydər Əliyevin Ali Sovetə rəhbərliyi ilə ölkədəki idarəetmə böhranı aradan qaldırıldı, qanunun aliliyi təmin olundu. Bu qayıdış dövlətçiliyimizi tamamilə məhv olmaq təhlükəsindən qurtardı.
Sabitliyin təmin olunmasından sonra reallaşdırılan qlobal neft strategiyası və ‘Əsrin müqaviləsi’ Azərbaycanın iqtisadi müstəqilliyini möhkəmləndirdi. Eyni zamanda, vahid komandanlığa tabe olan nizami ordunun qurulması istiqamətində atılan tarixi addımlar ölkəmizin hərbi qüdrətini regional səviyyədə artırdı. Bu gün fəxrlə deyə bilərik ki, Ulu Öndərin siyasi irsi cənab Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan Qarabağı azad edərək xalqımıza unudulmaz Zəfər sevinci yaşatdı və Şuşada müqəddəs bayrağımızı dalğalandırdı..
YAP Nizami rayon təşkilatının Analitik qrupu