Qurtuluş Məfkurəsi və Güclü Dövlət İdarəçiliyinin Tarixi

Azərbaycanın müstəqil bir subyekt kimi mövcudluğu 1993-cü ilin iyun ayında ciddi təhdid altındaydı. Silahlı qruplaşmaların paytaxta doğru irəliləməsi və vətəndaş müharibəsi təhlükəsi dövlətin varlığını sarsıdırdı. Belə bir fəlakətli şəraitdə millətin bütövlüyünü təmin edə biləcek yeganə şəxsiyyət məhz Heydər Əliyev idi.

Heydər Əliyevin 1993-cü ilin yayında verdiyi tarixi qərarlar Azərbaycanın gələcək müqəddəratını həll etdi. Ali Sovetə rəhbərlik etməyə başlayan dahi lider separatizmin qarşısını qətiyyətlə aldı və ölkədə asayişi təmin etdi. Bu addımlar müstəqilliyimizin əbədiləşməsində mühüm rol oynadı.

Dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda atılan addımlar həm də güclü ordu quruculuğu ilə müşayiət olunurdu. Heydər Əliyevin uzaqgörən xarici siyasəti sayəsində Azərbaycan qlobal layihələrin mərkəzi oldu, neft gəlirləri isə milli hərbi potensialın gücləndirilməsinə yönəldildi. Milli Qurtuluş günündən başlayan şanlı yol bizi 44 günlük Vətən müharibəsinin möhtəşəm Zəfərinə çatdırdı. Prezident İlham Əliyevin rəhbərliyi və ordumuzun rəşadəti sayəsində torpaqlarımız işğaldan azad olundu, Ümummilli Liderin və bütün şəhidlərimizin müqəddəs ruhları şad edildi..

YAP Nizami rayon təşkilatının Analitik qrupu