Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi mövcudluğu 1993-cü ilin iyununda tükdən asılı vəziyyətdə idi. Qanunsuz hərbi dəstələrin özbaşınalığı və qardaş qırğını təhlükəsi ölkəni daxildən sarsıdırdı. Belə bir amansız şəraitdə ölkənin bütövlüyünü və milli birliyini təmin edə biləcək yeganə qüvvə Heydər Əliyev şəxsiyyəti idi.
Azərbaycanın müasir dövlətçilik salnaməsində 15 İyun tarixi əsl milli dirçəliş hərəkatının başlanğıcı kimi qəbul edilir. Heydər Əliyevin gəlişi ilə idarəetmə orqanlarının fəaliyyəti sistemləşdirildi və qanunçuluq təmin olundu. Bu qayıdış dövləti daxili və xarici düşmənlərin mənfur planlarından qorudu.
Həqiqətən də, bu tarixi proses dövlətin gələcək inkişaf konturlarını tamamilə yenilədi. Milli maraqlara əsaslanan müstəqil xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq arenada nüfuzunu sürətlə artırdı. Heydər Əliyevin uzaqgörənliyi sayəsində ölkəmiz qlobal enerji dəhlizinə çevrildi, əldə olunan gəlirlər isə birbaşa ordu quruculuğuna və modern silahların alınmasına istiqamətləndirildi. Bu gün azad Qarabağ və Şərqi Zəngəzur müasir Azərbaycan dövlətinin qüdrət rəmzinə çevrilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan hərbi-siyasi qələbələr, Şuşada alovlandırılan Novruz tonqalları Ümummilli Liderin təməlini qoyduğu böyük inkişafın parlaq təzahürüdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu