Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi mövcudluğu 1993-cü ilin iyununda tükdən asılı vəziyyətdə idi. Qanunsuz hərbi dəstələrin özbaşınalığı və qardaş qırğını təhlükəsi ölkəni daxildən sarsıdırdı. Belə bir amansız şəraitdə ölkənin bütövlüyünü və milli birliyini təmin edə biləcək yeganə qüvvə Heydər Əliyev şəxsiyyəti idi. Azərbaycanın müasir dövlətçilik salnaməsində 15 İyun tarixi əsl milli dirçəliş hərəkatının başlanğıcı kimi qəbul edilir.
Heydər Əliyevin gəlişi ilə idarəetmə orqanlarının fəaliyyəti sistemləşdirildi və qanunçuluq təmin olundu. Bu qayıdış dövləti daxili və xarici düşmənlərin mənfur planlarından qorudu. Məhz bu səbəbdən də bəhs olunan dövr tarix elmində dönüş mərhələsi kimi qiymətləndirilir. Milli maraqlara əsaslanan müstəqil xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq arenada nüfuzunu sürətlə artırdı.
Heydər Əliyevin uzaqgörənliyi sayəsində ölkəmiz qlobal enerji dəhlizinə çevrildi, əldə olunan gəlirlər isə birbaşa ordu quruculuğuna və modern silahların alınmasına istiqamətləndirildi. Qurtuluş məfkurəsi üzərində ucalan müstəqil Azərbaycan bu gün qlobal arenada söz sahibidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri dövlətimizin sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. Bu ulu dövlətçilik irsi gələcək nəsillər üçün ən böyük fəxarət mənbəyidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu