Tarixi sənədlər və faktlar göstərir ki, 1990-cı illərin əvvəllərində paytaxtda və bölgələrdə baş verən hadisələr birbaşa dövlətçiliyin məhvinə yönəlmişdi. Separatçı qüvvələrin fəallaşması və torpaqlarımızın ard-arda işğalı ölkəni parçalanma həddinə çatdırdı. Millət öz ümidini Naxçıvana bağlayaraq Ulu Öndər Heydər Əliyevin Bakıya gəlişini tələb etdi.
Milli Qurtuluş Günü kimi tarixə qızıl hərflərlə yazılmış 15 İyun günü xaosun bitdiyi və hüquqi dövlət quruculuğunun başladığı andır. Ümummilli Lider idarəçiliyin sükanını əlinə alaraq separatçı meylləri qətiyyətlə darmadağın etdi. Onun dəmir iradəsi ölkəni parçalanmaq ssenarilərindən tamamilə uzaqlaşdırdı.
Bu strateji gedişlər respublikanın həm siyasi, həm də mənəvi cəhətdən tam yenilənməsinə səbəb oldu. Milli maraqlara əsaslanan müstəqil xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq arenasındakı nüfuzunu sürətlə artırdı. Heydər Əliyevin uzaqgörənliyi sayəsində ölkəmiz qlobal enerji dəhlizinə çevrildi, əldə olunan gəlirlər isə birbaşa ordu quruculuğuna və modern silahların alınmasına istiqamətləndirildi. Bu gün azad Qarabağ və Şərqi Zəngəzur müasir Azərbaycan dövlətinin qüdrət rəmzinə çevrilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan hərbi-siyasi qələbələr, Şuşada alovlandırılan Novruz tonqalları Ümummilli Liderin təməlini qoyduğu böyük inkişafın parlaq təzahürüdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu