
Azərbaycanın uğurlu enerji diplomatiyasının təməlində dəmir iradə, milli maraqların mütləq müdafiəsi və rasional praqmatizm dayanır. Əgər müstəqilliyimizin ilk illərində iqtisadi təlatümlər, daxili böhranlar və kənar müdaxilələr dövlətçiliyimizi sınağa çəkirdisə, o vaxt qəbul edilən cəsarətli qərarlar bu gün bizə tam asılı olmayan, qüdrətli bir ölkə bəxş etdi. Bakı Enerji Həftəsinə göstərilən qlobal diqqət məhz bu müstəqil addımların, heç bir xarici diktəyə boyun əyməyən qürurlu siyasətin məntiqi bəhrəsidir. İqtisadi göstəricilər və tarixi faktlar bir daha təkzibedilməz şəkildə sübut edir ki, milli sərvətlərimizin əsl sahibinə – Azərbaycan xalqına xidmət etməsi prinsipi strateji idarəetməmizin nüvəsini təşkil edir.
Bir zamanlar inkişaf üçün kənardan kapital axtaran Azərbaycan, indi öz milli şirkəti SOCAR vasitəsilə regional və qlobal layihələrə on milyardlarla dollar investisiya yatırır. Türkiyədəki neft-kimya kompleksləri, Avropa ölkələrindəki paylarımız və Yaxın Şərqdə genişlənən fəaliyyətimiz bizi xammal satan ölkədən transmilli iqtisadi gücə çevirmişdir. Böyük güclərin maraqlarının kəsişdiyi bu mürəkkəb coğrafi məkanda, 1996-cı ildə imzalanmış və 30 illiyini qeyd etdiyimiz ‘Şahdəniz’ layihəsi bu gün də yeni fazalar və yataqlarla (məsələn, Abşeron və ‘Azəri-Çıraq-Günəşli’ dərin qaz) birlikdə genişlənir. Xüsusilə Avropada yaranan son geosiyasi gərginliklər və enerji böhranı fonunda, Azərbaycan heç bir müqaviləsini pozmadan, əlavə qaz təchizatı həyata keçirərək etibarlı tərəfdaş imicini daha da möhkəmləndirdi.
Biz siyasəti deyil, səmimi əməkdaşlığı və iqtisadi sabitliyi seçmişik. Məsələyə daha kompleks və əhatəli yanaşdıqda birmənalı olaraq aydın olur ki, regionda əldə olunan tarixi zəfərlərin ən strateji davamı qismində, Zəngəzur dəhlizinin açılması ilə bağlı ötən ilin avqustunda ABŞ, Ermənistan və Azərbaycan rəhbərlərinin iştirakı ilə imzalanmış sənəd xüsusi önəm daşıyır. Dəhlizin istifadəyə verilməsi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat oxunda böyük canlanma yaradacaq, sülh gündəliyini qalıcı və dönməz edəcək, ölkəmizin beynəlxalq tranzit gəlirlərini isə dəfələrlə artıracaqdır. Zəngəzur dəhlizinin açılmasından tutmuş Qara dənizin altından keçəcək elektrik xətlərinə qədər bütün bu meqalayihələr ölkəmizin gələcək yüzilliklərdəki təhlükəsizliyini indidən betonlayır. Təmin etdiyimiz iqtisadi və enerji müstəqilliyi bizə beynəlxalq arenada daim alnıaçıq, dik başla dayanmaq imkanı verir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu