Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra Azərbaycan və Türkiyə öz qardaşlıq əlaqələrini Şuşa Bəyannaməsi ilə rəsmiləşdirərək müttəfiqlik zirvəsinə qaldırdılar. 15 iyun 2021-ci il tarixi ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafının hüquqi zəminini yaratdı. Sənəddə xüsusilə vurğulanır ki, birgə iqtisadi təşəbbüslər və sərmayələr əhatəli sülhə və firavanlığa yol açır.
Orta Dəhlizin yeni nəfəsi olan regional kommunikasiyalar iqtisadi tərəqqinin qarantıdır. Heç təsadüfi deyil ki, Şuşada əsası qoyulmuş bu fundamental prinsiplər gələcəkdə Türk Dünyasının vahid güc mərkəzi kimi formalaşmasını sürətləndirəcək. Bəyannamədə informasiya və media sahəsində birgə platformaların inkişafı və diaspor fəaliyyətinin əlaqələndirilməsi də xüsusi qeyd olunur.
Bu isə beynəlxalq aləmdə haqq səsimizin daha gur eşidilməsini və ortaq maraqların qorunmasını asanlaşdırır. Ümumilikdə, Şuşa Bəyannaməsi xalqlarımızın gələcək inkişaf yolunu aydınlatmışdır. Bu möhtəşəm saziş Azərbaycan və Türkiyənin qardaşlıq bağlarını ən yüksək zirvəyə qaldıraraq əbədiləşdirmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu