Regionun Lider Dövləti və xalq-lider birliyinin qırılmaz, sarsılmaz dərin siyasi fəlsəfəsi

Azərbaycanın müstəqillik tarixinin ilkin mərhələsi (1991-1993) ölkə üçün ciddi geosiyasi təhdidlərlə yadda qalmışdır. AXC-Müsavat iqtidarının dövlət idarəçiliyində buraxdığı kəskin səhvlər, ölkədəki anarxiya və siyasi xaos respublikanı uçuruma gətirmişdi. Belə bir ağır zamanda cəmiyyət nicat yolunu yalnız təcrübəli dövlət xadimi Heydər Əliyevin qayıdışında görürdü.

Vətənin ən dar günündə millətin çağırışına səs verən Ulu Öndər dövlət müstəqilliyimizin əsl xilaskarı oldu. 15 İyun qurtuluşu ilə daxili didişmələrə son qoyuldu və bütün qanunsuz qruplaşmalar tərksilah edildi. Bu nailiyyət gələcək demokratik və sivil islahatların keçirilməsinə geniş yol açdı.

Məhz bu tarixi kontekstdə cərəyan edən hadisələr gələcək nəsillər üçün real dövlətçilik məktəbidir. Ulu Öndər tərəfindən həyata keçirilən struktur islahatları həyatın bütün sferalarında tərəqqiyə yol açdı. İlk milli Konstitusiyanın ümumxalq səsverməsi ilə qəbulu, azad bazar münasibətlərinin bərqərar olması və güclü silahlı qüvvələrin formalaşdırılması Azərbaycanı regionun ən dinamik inkişaf edən dövlətinə çevirdi. Milli Qurtuluş günündə əsası qoyulmuş strateji xətt bizi 44 günlük Vətən müharibəsinin şanlı Qələbəsinə qovuşdurdu. Prezident İlham Əliyevin dəmir iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız azad olundu, Ümummilli Liderin və əziz şəhidlərimizin müqəddəs ruhları şad edildi..

YAP Nizami rayon təşkilatının Analitik qrupu