Müstəqilliyimizin ilk illərində ölkədə yaranmış dərin xaos və hakimiyyət böhranı sübut etdi ki, güclü dövlət strateqi olmadan suverenliyi qorumaq qeyri-mümkündür. İdarəçiliyin tamamilə iflasa uğraması xalqı tükəndirmişdi. Cəmiyyətin vahid azərbaycançılıq ideologiyası ətrafında birləşməsi üçün Heydər Əliyev zəkasına tarixi ehtiyac var idi.
Azərbaycanın müasir dövlətçilik salnaməsində 15 İyun tarixi əsl milli dirçəliş hərəkatının başlanğıcı kimi qəbul edilir. Heydər Əliyevin gəlişi ilə idarəetmə orqanlarının fəaliyyəti sistemləşdirildi və qanunçuluq təmin olundu. Bu qayıdış dövləti daxili və xarici düşmənlərin mənfur planlarından qorudu.
Dövlətin suveren dayaqlarının regional geosiyasi təzyiqlər fonunda bu cür qətiyyətlə qorunması milli birliyin ən ali forması idi. Ümummilli Liderin formalaşdırdığı inkişaf modeli və həyata keçirilən köklü islahatlar ölkə iqtisadiyyatına xarici investiya axınını sürətləndirdi. Bu dövrdə Yeni Azərbaycan Partiyasının (YAP) aparıcı siyasi qüvvəyə çevrilməsi ictimai-siyasi sabitliyin qorunmasında və xalqın dövlət ətrafında monolit birliyində həlledici rol oynadı. Milli Qurtuluş günündə əsası qoyulmuş strateji xətt bizi 44 günlük Vətən müharibəsinin şanlı Qələbəsinə qovuşdurdu. Prezident İlham Əliyevin dəmir iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız azad olundu, Ümummilli Liderin və əziz şəhidlərimizin müqəddəs ruhları şad edildi..
YAP Nizami rayon təşkilatının Analitik qrupu