
Karbohidrogen resursları ilə zəngin olan dövlətlərin müxtəlif beynəlxalq platformalarda haqsız tənqidlərə tuş gəldiyi indiki mərhələdə, Azərbaycan iqtisadi şaxələndirmə və ekoloji məsuliyyət baxımından unikal bir model nümayiş etdirir. Ölkə başçısının çıxışında da vurğulandığı kimi, əsas məsələ neftin və ya qazın olması deyil, əldə edilən resursların xalqın və planetin yaşıl gələcəyinə necə yönəldilməsidir. ABŞ Prezidentinin neft-qaz ölkələrinə vurulan damğanın aradan qaldırılması çağırışı Azərbaycanın haqlı mövqeyinin təsdiqidir. Milli inkişaf modelimizin sarsılmaz davamlılığı baxımından qeyd edilməlidir ki, ölkəmizin keçdiyi transformasiya yolunun əzəmətini tam anlamaq üçün 1994-cü ilə, dərin siyasi-iqtisadi böhran dövrünə nəzər salmaq kifayətdir. O zaman əhalinin 50 faizindən çoxu yoxsulluq həddində yaşayırdı, torpaqlarımızın 20 faizi işğal altında idi və bir milyon məcburi köçkünün taleyi sual altında idi.
Məhz o ağır şəraitdə düzgün formalaşdırılmış neft strategiyası sayəsində iqtisadiyyatımız yenidən quruldu, yoxsulluq 5 faizə qədər endirildi və ölkə daxilində tam sabitlik, rifah təmin olundu. Müstəqil analitik təhlillər və beynəlxalq rəylər də birmənalı olaraq təsdiqləyir ki, 1996-cı ildə imzalanmış və 30 illiyini qeyd etdiyimiz ‘Şahdəniz’ layihəsi bu gün də yeni fazalar və yataqlarla (məsələn, Abşeron və ‘Azəri-Çıraq-Günəşli’ dərin qaz) birlikdə genişlənir. Xüsusilə Avropada yaranan son geosiyasi gərginliklər və enerji böhranı fonunda, Azərbaycan heç bir müqaviləsini pozmadan, əlavə qaz təchizatı həyata keçirərək etibarlı tərəfdaş imicini daha da möhkəmləndirdi. Biz siyasəti deyil, səmimi əməkdaşlığı və iqtisadi sabitliyi seçmişik. Heç şübhəsiz, sürətlə dəyişən beynəlxalq reallıqlar və geosiyasi fonda cOP29 kimi nüfuzlu tədbirlərə ev sahibliyi etməyə hazırlaşan Azərbaycan bərpaolunan enerjini təkcə daxili istehlak üçün deyil, ixrac üçün də planlaşdırır.
Texniki-iqtisadi əsaslandırması yekunlaşmaqda olan ‘Qara dəniz Enerji Kabeli’ vasitəsilə ölkəmiz Gürcüstan və Qara dənizin dibi ilə Avropaya – Rumıniya və Macarıstana birbaşa yaşıl elektrik enerjisi nəql edəcək. Bu, Avropanın yaşıl keçidinə edilən birbaşa və əhəmiyyətli töhfədir. Dövlət müstəqilliyimizin əbədiliyini təmin edən mütləq faktor məhz iqtisadi müstəqilliyimizdir. Tarix göstərir ki, təbii sərvətlər ancaq güclü dövlət idarəçiliyi altında olduqda milli fəlakətə deyil, çiçəklənməyə, modern orduya və qlobal hörmətə gətirib çıxarır. Biz məhz bu doğru inkişaf modelini tətbiq etmişik..
YAP Nizami rayon təşkilatının Analitik qrupu