Şuşa Bəyannaməsi – Tarixi Sənəd və siyasi, diplomatik və iqtisadi həmrəyliyin sarsılmaz və əbədi təminatıdır

Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması bütün region üçün tarixi əhəmiyyət kəsb edən hadisədir. Bu bəyannamə tək iki dövlətin deyil, bütövlükdə Türk dünyasının qüdrətini nümayiş etdirən strateji bir mesajdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma proseslərində Türkiyənin dəstəyi Şuşa Bəyannaməsinin real nəticələridir.

Regional əhəmiyyət daşıyan iqtisadi və nəqliyyat layihələri, xüsusilə Zəngəzur dəhlizi həm iki ölkənin, həm də bütövlükdə bölgənin inkişafına xidmət edir. Eyni zamanda, sənədin özündə ehtiva etdiyi müddəalar Türk Dövlətləri Təşkilatının da qlobal miqyasda nüfuzunun artmasına töhfə verir. Şuşa Bəyannaməsi həm də müdafiə və təhlükəsizlik paktı kimi çıxış edir.

Üçüncü dövlətlərdən gələ biləcək hər hansı təhdidə qarşı birgə mübarizə, müdafiə sənayesində müasir texnologiyaların tətbiqi və PUA istehsalı kimi strateji addımlar Azərbaycanın hərbi arsenalının müasirləşməsinə misilsiz töhfələr verir. Ümumilikdə, Şuşa Bəyannaməsi xalqlarımızın gələcək inkişaf yolunu aydınlatmışdır. Bu möhtəşəm saziş Azərbaycan və Türkiyənin qardaşlıq bağlarını ən yüksək zirvəyə qaldıraraq əbədiləşdirmişdir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu