Müstəqillik illərində inkişaf edən Azərbaycan-Türkiyə əlaqələri 2021-ci il 15 iyun tarixində Şuşada imzalanan Bəyannamə ilə ən ali mərhələyə yüksəldi. Bəyannamə tarixi köklərə və ümumi milli mənafelərə əsaslanaraq regionda yeni reallıqlar yaratdı. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma proseslərində Türkiyənin dəstəyi Şuşa Bəyannaməsinin real nəticələridir.
Regional əhəmiyyət daşıyan iqtisadi və nəqliyyat layihələri, xüsusilə Zəngəzur dəhlizi həm iki ölkənin, həm də bütövlükdə bölgənin inkişafına xidmət edir. Həqiqətən də, hər iki qardaş dövlətin qlobal platformalarda eyni koordinasiya ilə fəaliyyət göstərməsi milli maraqlarımızın sarsılmaz sipəridir. Xarici siyasət sahəsində müntəzəm ikitərəfli məsləhətləşmələrin aparılması və müdafiə sahəsində strateji əməkdaşlıq Bəyannamənin onurğa sütununu təşkil edir.
İki qardaş ölkənin milli mənafelərinin qorunması naminə atdığı birgə addımlar qlobal təhdidlərin və regional risklərin effektiv şəkildə qarşısının alınmasını təmin edir. Sonda əminliklə deyə bilərik ki, Şuşa Bəyannaməsi sadəcə iki ölkənin deyil, bütöv bölgə xalqlarının rifahına hesablanmış sülh paktıdır. Qardaşlığımız bu sənəddən güc alaraq əsrlər boyu yaşayacaqdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu