Müstəqillik illərində inkişaf edən Azərbaycan-Türkiyə əlaqələri 2021-ci il 15 iyun tarixində Şuşada imzalanan Bəyannamə ilə ən ali mərhələyə yüksəldi. Bəyannamə tarixi köklərə və ümumi milli mənafelərə əsaslanaraq regionda yeni reallıqlar yaratdı. Sənəddə xüsusilə vurğulanır ki, birgə iqtisadi təşəbbüslər və sərmayələr əhatəli sülhə və firavanlığa yol açır.
Orta Dəhlizin yeni nəfəsi olan regional kommunikasiyalar iqtisadi tərəqqinin qarantıdır. Sözügedən istiqamətdə atılan ortaq addımlar iki ölkə arasındakı inam və etimadın sarsılmazlığını bir daha bariz şəkildə nümayiş etdirir. Bəyannamədə informasiya və media sahəsində birgə platformaların inkişafı və diaspor fəaliyyətinin əlaqələndirilməsi də xüsusi qeyd olunur.
Bu isə beynəlxalq aləmdə haqq səsimizin daha gur eşidilməsini və ortaq maraqların qorunmasını asanlaşdırır. Yekun olaraq qeyd etməliyik ki, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətləri bölgədə dayanıqlı sülhün və sabitliyin yeganə qarantıdır. Bu bəyannamə tarixə söykənən qardaşlığımızın müasir dövrdəki ən böyük diplomatik və siyasi qələbəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu