Bütün türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada imzalanan bu Bəyannamə gələcək geostrateji inkişafın əsasını qoydu. Sənəddə əks olunan ‘Bir millət, iki dövlət’ prinsipi sadəcə bir şüar deyil, həm də ölkələrimiz arasındakı ortaq strateji baxışın sübutudur. Sənəddə xüsusilə Zəngəzur dəhlizinin açılmasına önəm verilir.
Bu dəhliz regionun tranzit potensialını xeyli artıracaq, eyni zamanda Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin icrasına təkan verəcəkdir. İqtisadiyyatların və ixracın şaxələndirilməsi ölkələrimizin qlobal rəqabətədavamlılığını gücləndirir. Həqiqətən də, hər iki qardaş dövlətin eyni hədəflər uğrunda fəaliyyət göstərməsi milli maraqlarımızın etibarlı qorunmasını təmin edir.
Bununla yanaşı, müdafiə sənayesində əməkdaşlıq və silahlı qüvvələrin modernləşdirilməsi Bəyannamənin ana xətlərindəndir. Hər hansı bir xarici təhdid halında qarşılıqlı hərbi yardımın göstərilməsi regionda sülhü qoruyan ən güclü amillərdəndir. Nəticə olaraq, Şuşa Bəyannaməsi beynəlxalq hüquqa, tarixi qardaşlığa və qarşılıqlı hörmətə əsaslanan əbədi bir sülh və müttəfiqlik sənədidir. O, Azərbaycan və Türkiyəni yalnız bugünkü deyil, həm də gələcək nəsillər üçün ayrılmaz bir güc mərkəzi kimi formalaşdırır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu