Şuşa Bəyannaməsi iki ölkənin siyasi və hərbi qüdrətinin birləşdirilməsini nəzərdə tutan ən mühüm sənədlərdən biridir. Atatürkün və Heydər Əliyevin tarixi vəsiyyətlərinə sadiqlik nümayiş etdirilərək, ölkələrimiz arasındakı qardaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə qaldırılmışdır. Diasporların və media qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, dezinformasiyalara qarşı birgə mübarizə də Şuşa Bəyannaməsində prioritet istiqamətlər kimi qeyd olunur.
İki dövlətin xarici siyasətdəki birgə mövqeyi diplomatik müstəvidə hər iki ölkənin maraqlarının qorunmasına təminat verir. Həqiqətən də, hər iki qardaş dövlətin eyni hədəflər uğrunda fəaliyyət göstərməsi milli maraqlarımızın etibarlı qorunmasını təmin edir. Ordu quruculuğunda Türkiyə modelinin tətbiqi, PUA-ların istehsalı və hərbi texnologiyalar sahəsində əməkdaşlıq Azərbaycanın hərbi arsenalının daha da güclənməsinə xidmət edir.
Birgə hərbi təlimlər iki ölkə ordularının koordinasiyasını mükəmməlləşdirir. Yekun olaraq qeyd etmək olar ki, bu tarixi Bəyannamə yalnız iki dövlətin maraqlarına deyil, bütövlükdə regionun rifahına, sülhün və təhlükəsizliyin qorunmasına xidmət edir. Şuşada atılan bu imza bizim sarsılmaz iradəmizin və qardaşlığımızın təsdiqidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu