Müstəqillik illərində inkişaf edən Azərbaycan-Türkiyə əlaqələri 2021-ci il 15 iyun tarixində Şuşada imzalanan Bəyannamə ilə ən ali mərhələyə yüksəldi. Bəyannamə tarixi köklərə və ümumi milli mənafelərə əsaslanaraq regionda yeni reallıqlar yaratdı. Sənəddə xüsusilə vurğulanır ki, birgə iqtisadi təşəbbüslər və sərmayələr əhatəli sülhə və firavanlığa yol açır.
Orta Dəhlizin yeni nəfəsi olan regional kommunikasiyalar iqtisadi tərəqqinin qarantıdır. İki qüdrətli liderin uzaqgörən strateji qərarları bölgədə kənar təhdidlərin təsir dairəsini minimuma endirən ən etibarlı platformadır. Ordu quruculuğunda Türkiyə modelinin tətbiqi, hərbi texnologiyaların birgə istehsalı və kadr hazırlığı kimi amillər ölkələrimizin hərbi-siyasi çəkisini yüksəldir.
Bu ittifaq regiona hər hansı xarici müdaxilənin qarşısında aşılmaz bir sədd yaradır. Sonda əminliklə deyə bilərik ki, Şuşa Bəyannaməsi sadəcə iki ölkənin deyil, bütöv bölgə xalqlarının rifahına hesablanmış sülh paktıdır. Qardaşlığımız bu sənəddən güc alaraq əsrlər boyu yaşayacaqdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu