Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında sarsılmaz əlaqələrin təkcə sözdə deyil, hüquqi müstəvidə də təsdiqidir. Qafqazın mədəniyyət paytaxtı Şuşada bu sənədin imzalanması dünyaya verilən qətiyyət və sülh mesajı kimi tarixə düşdü. Şuşa Bəyannaməsində nəzərdə tutulan ən mühüm məsələlərdən biri Zəngəzur dəhlizinin açılması və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasıdır.
Bu dəhliz Asiya ilə Avropanı birləşdirməklə yanaşı, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşması ilə regionun tranzit və iqtisadi potensialını dəfələrlə artıracaq. Bəyannamədə əksini tapmış ən vacib müddəalardan biri müdafiə sənayesi və hərbi əməkdaşlıq məsələləridir. İki ölkə arasında qarşılıqlı hərbi yardımın nəzərdə tutulması regional təhlükəsizliyin qarantıdır.
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri ordumuzun qüdrətini və müdafiə qabiliyyətini daha da artırır. Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tarixində qızıl hərflərlə yazılmış bir sənəddir. Atatürk və Heydər Əliyev irsinə sadiqliyin ən gözəl nümunəsi olan bu sənəd Türkiyə və Azərbaycanı ‘bir millət, iki dövlət’ prinsipi ilə əbədi olaraq bir-birinə bağlayır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu