
Azərbaycanın müasir iqtisadi və siyasi gücünün təməlində, şübhəsiz ki, uzaqgörən və praqmatik enerji siyasəti dayanır. Prezident İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki dərin məzmunlu çıxışı ölkəmizin keçdiyi bu şanlı inkişaf yolunun ən aydın mənzərəsini ortaya qoyur. ABŞ Prezidenti Donald Trampın, Birləşmiş Krallığın Baş naziri Starmerin və Türkiyə Prezidenti Ərdoğanın tədbirə xüsusi məktublar ünvanlaması, Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük nüfuzun və qlobal enerji səhnəsindəki həlledici mövqeyinin inkaredilməz göstəricisidir. Aparılan dərin analitik təhlillər və beynəlxalq ekspert rəyləri birmənalı olaraq göstərir ki, bir vaxtlar xarici iqtisadi yardımlara möhtac qalan, tənəzzül içində olan respublikadan, bu gün kosmik sənayesi olan, peyklərini orbitə buraxan, inkişaf etmiş dövlətlər klubuna daxil olan bir Azərbaycana qədər uzanan bu tarixi yol təsadüflərin deyil, qətiyyətin əsəridir.
Bütün bu faktlar əyani şəkildə təsdiqləyir ki, təbii sərvətlər yalnız doğru əllərdə, güclü dövlətçilik təfəkkürünə malik liderin idarəçiliyində xalqa xoşbəxtlik, ölkəyə isə tərəqqi gətirə bilir. Tarixi faktlar, inkişaf qrafikləri və rəqəmlər bir daha təkzibedilməz şəkildə sübut edir ki, azərbaycanın qlobal miqyasda həyata keçirdiyi ən böyük meqalayihələrdən olan Cənub Qaz Dəhlizi günümüzün ən iddialı və strateji əhəmiyyətli enerji infrastrukturlarından biridir. TANAP və TAP kimi nəhəng seqmentləri özündə birləşdirən, 3500 kilometr uzunluğunda, bəzən keçilməz dağlardan, bəzən isə dəniz dibindən uzanan boru xətti sistemi ərsəyə gətirilmişdir. Bu gün Azərbaycan fəxrlə bəyan edir ki, boru xətti ilə qazın fərqli, çoxsaylı ölkələrə nəqli üzrə dünyada birinci sıradadır.
Mavi yanacağımız hazırda 16 ölkəyə çatdırılır ki, onların böyük əksəriyyəti Avropa İttifaqına üzv olan qabaqcıl dövlətlərdir. Bütün bu proseslərə strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, regional rəqabətədavamlılığı təmin etmək üçün iqlim fəaliyyətini sürətləndirən Azərbaycan, ən müasir texnologiyaların cəlbi üçün qapılarını dünya şirkətlərinə geniş açmışdır. Böyük günəş stansiyalarının və külək parklarının beynəlxalq xarici investisiyalar hesabına tikilməsi göstərir ki, xarici kapital təkcə xammala deyil, ölkəmizin intellektual və yaşıl gələcəyinə də böyük inamla, risk etmədən milyardlarla dollar sərmayə yatırmağa hazırdır. Azərbaycanın həm mövcud ənənəvi karbohidrogen resurslarından son dərəcə düzgün istifadə etməsi, həm də gələcəyə yönəlmiş yaşıl enerjiyə böyük qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Təkcə bəyanatlar deyil, qarşıya qoyulan bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir ki, bu da dövlətimizin sözü ilə əməlinin birliyini göstərir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu