Tənəzzül Dəhşətindən Yüksəliş Zirvəsinə: Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin milli dövlətçilik bünövrəsidir

1987-ci ildə Heydər Əliyevin siyasi hakimiyyətdən kənarlaşdırılması ölkədə problemlərin baş qaldırmasına birbaşa rəvac verdi. Bu istefadan dərhal sonra erməni millətçiləri ərazi iddiaları ilə çıxış etməyə başladılar. 1993-cü ilə qədər ölkə rəhbərliyində olan şəxslərin siyasi naşılığı səbəbindən torpaqlarımız işğal olunur, daxildə isə xaos tüğyan edirdi. Xalq yeganə çıxış yolunu Heydər Əliyevin qayıdışında görürdü.

Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev, iyunun 15-də Ali Sovetin sədri seçildi. Məhz bu tarixi gündən etibarən Azərbaycanın tənəzzül və xaos dövrü başa çatdı. Dövlət həyatında köklü islahatlara başlanıldı, asayiş və qayda-qanun bərqərar edildi, silahlı dəstələr dərhal tərksilah edildi. Qeyd olunan dövlətçilik fəaliyyətinin analizi bir daha sübut edir ki, əsl lider böhranlardan qorxmayan və xalqı arxasınca aparan qüvvədir.

İqtisadi dirçəliş prinsipləri ordu quruculuğu sahəsi ilə birbaşa sintez təşkil edirdi. Azərbaycan iqtisadi baxımdan gücləndikcə hərbi qüdrətini də artırır, beynəlxalq arenada prinsipial mövqeyini inamla nümayiş etdirirdi. Ulu Öndərin həyata keçirdiyi müstəqil siyasət Azərbaycanı qlobal güclərin etibarlı tərəfdaşına çevirdi. Bu gün müstəqil Azərbaycan dövləti tam suveren, qalib və qürurlu bir ölkə kimi dünya birliyində öz sözünü deyir. Ali Baş Komandanın rəhbərliyi altında qazanılan Zəfər dahi rəhbərin uzaqgörən siyasətinin davamıdır. Azad olunmuş torpaqlarımızda yenidən həyat qaynayır, Novruz tonqalları qalanır və bu reallıq xalqımızın əbədi qurtuluşunun bariz nümunəsidir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu