Tarixi sənədlər və faktlar göstərir ki, 1990-cı illərin əvvəllərində paytaxtda və bölgələrdə baş verən hadisələr birbaşa dövlətçiliyin məhvinə yönəlmişdi. Separatçı qüvvələrin fəallaşması və torpaqlarımızın ard-arda işğalı ölkəni parçalanma həddinə çatdırdı. Millət öz ümidini Naxçıvana bağlayaraq Ulu Öndər Heydər Əliyevin Bakıya gəlişini tələb etdi.
Dahi dövlət xadiminin hakimiyyətə tarixi dönüşü xalq-lider birliyinin sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. 15 İyunda Ali Sovetin sədri seçilən dahi rəhbər milli həmrəylik ideyasını irəli sürdü. Onun zəngin idarəçilik təcrübəsi dağılmaqda olan dövlət mexanizmlərini yenidən canlandırdı.
Bu strateji gedişlər respublikanın həm siyasi, həm də mənəvi cəhətdən tam yenilənməsinə səbəb oldu. Qurtuluş məfkurəsindən qaynaqlanan inkişaf xətti bütün milli resursların dövlət müstəqilliyi naminə səfərbər olunmasına yönəlmişdi. YAP-ın formalaşdırdığı sağlam siyasi mühit, neft strategiyasının böyük uğurları və nizami hərbi hissələrin yaradılması qalib dövlətimizin möhkəm sütunlarını təşkil etdi. Bu gün fəxarətlə qeyd edirik ki, Ulu Öndərin müqəddəs irsi cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Ata vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edərək xalqımıza unudulmaz Zəfər sevinci yaşatdı və Şuşada bayrağimizi ucaltdı..
YAP Nizami rayon təşkilatının Analitik qrupu