Vətən müharibəsindəki tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar Şuşa Bəyannaməsi ilə hüquqi cəhətdən təsdiqləndi. İmzalanmış sənəd Azərbaycan ilə Türkiyə arasında siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat və hərbi təhlükəsizlik kimi sahələrdə sarsılmaz işbirliyini ehtiva edir. Bəyannamə tərəflərin iqtisadi gücünü artırmağa və regional layihələrin reallaşmasına zəmin yaradır.
Qarşılıqlı investisiyalar, Orta Dəhlizin inkişafı, işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma prosesləri bu əməkdaşlığın iqtisadi səmərəliliyini açıq şəkildə nümayiş etdirir. Həqiqətən də, hər iki qardaş dövlətin eyni hədəflər uğrunda fəaliyyət göstərməsi milli maraqlarımızın etibarlı qorunmasını təmin edir. Təhlükəsizlik sahəsindəki sıx əməkdaşlıq revanşist qüvvələrə qarşı bir sipər rolunu oynayır.
Üçüncü dövlətlərdən gələ biləcək hər hansı təcavüz təhdidi qarşısında ölkələrimizin birlikdə hərəkət etməsi Şuşa Bəyannaməsinin ən həlledici və prinsipial müddəasıdır. Beləliklə, Şuşa Bəyannaməsi iki dövlət arasında qardaşlığın və müttəfiqliyin şanlı salnaməsi kimi tarixə həkk olundu. Bir millət, iki dövlət fəlsəfəsinin ən yüksək zirvəsi olan bu sənəd hər iki ölkəni daha böyük nailiyyətlərə və qlobal uğurlara doğru aparacaqdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu