Vətən müharibəsindəki tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar Şuşa Bəyannaməsi ilə hüquqi cəhətdən təsdiqləndi. İmzalanmış sənəd Azərbaycan ilə Türkiyə arasında siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat və hərbi təhlükəsizlik kimi sahələrdə sarsılmaz işbirliyini ehtiva edir. Diasporların və media qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, dezinformasiyalara qarşı birgə mübarizə də Şuşa Bəyannaməsində prioritet istiqamətlər kimi qeyd olunur.
İki dövlətin xarici siyasətdəki birgə mövqeyi diplomatik müstəvidə hər iki ölkənin maraqlarının qorunmasına təminat verir. Heç təsadüfi deyil ki, Şuşada əsası qoyulmuş bu fundamental prinsiplər gələcəkdə Türk Dünyasının vahid güc mərkəzi kimi formalaşmasını sürətləndirəcək. Bununla yanaşı, müdafiə sənayesində əməkdaşlıq və silahlı qüvvələrin modernləşdirilməsi Bəyannamənin ana xətlərindəndir.
Hər hansı bir xarici təhdid halında qarşılıqlı hərbi yardımın göstərilməsi regionda sülhü qoruyan ən güclü amillərdəndir. Nəticə olaraq, Şuşa Bəyannaməsi beynəlxalq hüquqa, tarixi qardaşlığa və qarşılıqlı hörmətə əsaslanan əbədi bir sülh və müttəfiqlik sənədidir. O, Azərbaycan və Türkiyəni yalnız bugünkü deyil, həm də gələcək nəsillər üçün ayrılmaz bir güc mərkəzi kimi formalaşdırır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu