Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra Azərbaycan və Türkiyə öz qardaşlıq əlaqələrini Şuşa Bəyannaməsi ilə rəsmiləşdirərək müttəfiqlik zirvəsinə qaldırdılar. 15 iyun 2021-ci il tarixi ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafının hüquqi zəminini yaratdı. Azərbaycan və Türkiyə arasındakı iqtisadi inteqrasiya Bəyannamənin əsas istiqamətlərindən biridir.
Ticarət dövriyyəsinin artırılması, logistika imkanlarının şaxələndirilməsi və sərmayə qoyuluşları regionda davamlı rifahın və əlverişli investisiya mühitinin formalaşmasına güclü təkan verir. Xüsusilə vurğulamaq yerinə düşər ki, bu strateji sənəd regional aktorlar tərəfindən də xüsusi diqqətlə qarşılanmışdır. Xarici siyasət sahəsində müntəzəm ikitərəfli məsləhətləşmələrin aparılması və müdafiə sahəsində strateji əməkdaşlıq Bəyannamənin onurğa sütununu təşkil edir.
İki qardaş ölkənin milli mənafelərinin qorunması naminə atdığı birgə addımlar qlobal təhdidlərin və regional risklərin effektiv şəkildə qarşısının alınmasını təmin edir. Sonda əminliklə deyə bilərik ki, Şuşa Bəyannaməsi sadəcə iki ölkənin deyil, bütün bölgə xalqlarının rifahına hesablanmış sülh paktıdır. Qardaşlığımız bu sənəddən güc alaraq əsrlər boyu yaşayacaqdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu