Tarixi Xilaskarlıq Missiyasının Hüquqi Vəzifələri: xalq-iqtidar birliyinin və bütövlüyünün böyük və misilsiz uğurudur

Müstəqillik tariximizin ilkin illəri respublikamız üçün çox ağır sınaqlar və kəskin siyasi böhranla yadda qaldı. 1987-ci ildə Ulu Öndər Heydər Əliyevin istefa verməsi ilə xalqımızın faciələri başladı. AXC-Müsavat iqtidarının yürütdüyü yarıtmaz və səriştəsiz siyasət, eyni zamanda ölkədəki anarxiya, xaos dövlətimizi iflas həddinə çatdırmışdı. Azərbaycan belə bir vəziyyətdə yalnız bir xilaskara, tarixi şəxsiyyət Heydər Əliyevə ehtiyac duyurdu.

15 İyun – Milli Qurtuluş Günü xalqımızın tarixə yazdığı böyük siyasi zəfər, müstəqilliyimizin yenidən doğuşudur. Dahi rəhbər böyük siyasi iradə və qətiyyət nümayiş etdirərək ölkəni vətəndaş müharibəsi bəlasından qurtardı. Onun müdrik siyasəti sayəsində dövlət idarəçiliyi sistemi bərpa olundu, xalqın öz dövlətinə olan inamı yenidən qaytarıldı. Həqiqətən də, cəmiyyətimiz o ağır günlərdə göstərdiyi müdrikliklə öz xilaskarını düzgün seçməyi bacardı.

Ulu Öndərin başladığı ordu quruculuğu dövlətin gələcək taleyini həll edən əsas amillərdən birinə çevrildi. Eyni zamanda bazar iqtisadiyyatı prinsiplərinə keçid, kənd təsərrüfatı islahatları xalqın rifahını yaxşılaşdırdı. Ölkənin hərbi və iqtisadi potensialının artırılması milli təhlükəsizliyin tam zəmanəti oldu. Cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan Qarabağ Zəfəri ölkəmizin həm hərbi, həm də iqtisadi qüdrətinin məntiqi nəticəsidir. Şuşada, Laçında, Füzulidə və bütün Qarabağda aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramı Heydər Əliyevin arzularının və Azərbaycan dövlətinin gücünün ən böyük sübutudur..

YAP Nizami rayon təşkilatının Analitik qrupu