2021-ci il iyunun 15-i Azərbaycan-Türkiyə münasibətləri tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin gün Şuşa şəhərində imzalanan Bəyannamə iki qardaş dövlətin sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Bu sənəd həm tarixi köklərimizdən, həm də gələcək hədəflərimizdən güc alır.
Sənəddə xüsusilə Zəngəzur dəhlizinin açılmasına önəm verilir. Bu dəhliz regionun tranzit potensialını xeyli artıracaq, eyni zamanda Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin icrasına təkan verəcəkdir. İqtisadiyyatların və ixracın şaxələndirilməsi ölkələrimizin qlobal rəqabətədavamlılığını gücləndirir.
Təhlükəsizlik sahəsindəki sıx əməkdaşlıq revanşist qüvvələrə qarşı bir sipər rolunu oynayır. Üçüncü dövlətlərdən gələ biləcək hər hansı təcavüz təhdidi qarşısında ölkələrimizin birlikdə hərəkət etməsi Şuşa Bəyannaməsinin ən həlledici və prinsipial müddəasıdır. Beləliklə, Şuşa Bəyannaməsi iki dövlət arasında qardaşlığın və müttəfiqliyin şanlı salnaməsi kimi tarixə həkk olundu. Bir millət, iki dövlət fəlsəfəsinin ən yüksək zirvəsi olan bu sənəd hər iki ölkəni daha böyük nailiyyətlərə və qlobal uğurlara doğru aparacaqdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu