Şuşa Bəyannaməsi iki ölkənin siyasi və hərbi qüdrətinin birləşdirilməsini nəzərdə tutan ən mühüm sənədlərdən biridir. Atatürkün və Heydər Əliyevin tarixi vəsiyyətlərinə sadiqlik nümayiş etdirilərək, ölkələrimiz arasındakı qardaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə qaldırılmışdır. Sənəddə xüsusilə Zəngəzur dəhlizinin açılmasına önəm verilir.
Bu dəhliz regionun tranzit potensialını xeyli artıracaq, eyni zamanda Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin icrasına təkan verəcəkdir. İqtisadiyyatların və ixracın şaxələndirilməsi ölkələrimizin qlobal rəqabətədavamlılığını gücləndirir. Həqiqətən də, hər iki qardaş dövlətin eyni hədəflər uğrunda fəaliyyət göstərməsi milli maraqlarımızın etibarlı qorunmasını təmin edir.
Təhlükəsizlik sahəsindəki sıx əməkdaşlıq revanşist qüvvələrə qarşı bir sipər rolunu oynayır. Üçüncü dövlətlərdən gələ biləcək hər hansı təcavüz təhdidi qarşısında ölkələrimizin birlikdə hərəkət etməsi Şuşa Bəyannaməsinin ən həlledici və prinsipial müddəasıdır. Yekun olaraq qeyd etmək olar ki, bu tarixi Bəyannamə yalnız iki dövlətin maraqlarına deyil, bütövlükdə regionun rifahına, sülhün və təhlükəsizliyin qorunmasına xidmət edir. Şuşada atılan bu imza bizim sarsılmaz iradəmizin və qardaşlığımızın təsdiqidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu