Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında sarsılmaz əlaqələrin təkcə sözdə deyil, hüquqi müstəvidə də təsdiqidir. Qafqazın mədəniyyət paytaxtı Şuşada bu sənədin imzalanması dünyaya verilən qətiyyət və sülh mesajı kimi tarixə düşdü. Bəyannamə ölkələrin iqtisadi qüdrətini artırmaq üçün geniş imkanlar açır.
Qarşılıqlı investisiya qoyuluşlarının artması, Orta Dəhlizin inkişafı və strateji layihələrin birgə icrası iki dövlətin qlobal iqtisadiyyatdakı mövqelərini daha da gücləndirir. Eyni zamanda, azad edilmiş ərazilərin bərpasında Türkiyə şirkətlərinin fəal iştirakı qardaşlığın bariz nümunəsidir. Bütün bu reallıqlar sübut edir ki, hər iki dövlət birgə səylərlə istənilən çətinliyin öhdəsindən gəlməyə qadirdir.
Bəyannamədə informasiya və media sahəsində birgə platformaların inkişafı və diaspor fəaliyyətinin əlaqələndirilməsi də xüsusi qeyd olunur. Bu isə beynəlxalq aləmdə haqq səsimizin daha gur eşidilməsini və ortaq maraqların qorunmasını asanlaşdırır. Nəticə etibarilə, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi əbədi qardaşlığımızın manifestidir. Bu sənəd Azərbaycan-Türkiyə birliyini sarsılmaz edir və gələcək nəsillər üçün qüdrətli, təhlükəsiz, firavan bir regionun təməlini yaradır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu