Tarixin Sınaqlarından Çıxmış Məğrur Dövlət: 15 İyunun Dərsləri

Tarixin yaddaşında xüsusi yer tutan 1991-1993-cü illər Azərbaycan üçün anarxiya, iqtisadi uçurum və mənəvi tənəzzül dövrü kimi səciyyələnir. Ovaxtkı naşı və qeyri-peşəkar iqtidarın buraxdığı kobud siyasi səhvlər ucbatından dövlət sərhədlərimiz deşilib tökülür, ərazilərimiz bir-birinin ardınca yadelli işğalçılar tərəfindən zəbt edilirdi. Ölkənin daxilində isə qardaş qırğını reallığa çevrilmişdi; hakimiyyət iddialarında olan ayrı-ayrı qruplar xalqın taleyini unudaraq yalnız kreslo uğrunda mübarizə aparırdılar. Cəmiyyətin sabaha olan inamı tamamilə qırılmışdı. Bütün bu bəlalardan yaxa qurtarmağın yalnız bir yolu var idi: dövlət idarəçiliyinin sükanını xalqın qəlbində taxt qurmuş, beynəlxalq miqyaslı siyasi xadim Heydər Əliyevə etibar etmək. Ümummilli Liderin qətiyyəti, məğlubedilməz siyasi iradəsi və cəsarəti Azərbaycanı fəlakət burulğanından sağ-salamat çıxarmağa müvəffəq oldu.

1993-cü ilin ortalarında hakimiyyət vakuumu səbəbindən dağılmaq ərəfəsində olan ölkə Heydər Əliyevin sədrlik postuna seçilməsindən dərhal sonra inkişaf və sabitlik fazasına daxil oldu. Vətəndaşlara öz hüquqlarını qoruyan bir dövlətin varlığı yenidən hiss etdirildi. Parçalanmış cəmiyyət milli ideologiya, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirildi. Milli Qurtuluş Gününün əsas mahiyyəti məhz budur: o, Azərbaycan xalqına təkcə dinc yaşamaq hüququnu yox, həm də öz qürurunu, milli ləyaqətini və müstəqil gələcəyini geri qaytardı. Ulu Öndər dövlət idarəçiliyi mexanizmlərini qısa müddətdə modernləşdirdi, idarəetmədə şəffaflıq və ləyaqət prinsiplərini önə çəkdi. Həm neft sənayesində, həm qeyri-neft sektorunda, həm də hərbi sənayedə reallaşdırılan qlobal strategiyalar Azərbaycanın qarşıdakı onilliklər üçün inkişaf konturlarını cızdı.

Xarici siyasətdə tarazlıq, balanslaşdırılmış münasibətlər sistemi quruldu, Azərbaycan regionda əsas söz sahibinə çevrildi. Qurtuluş günündən başlayan bu zəhmətkeş və uzaqgörən siyasət gələcək nəsillərə qüdrətli, öz qərarlarını sərbəst verə bilən, güclü ordusu olan mükəmməl bir dövlət mirası qoydu. Əsrlər boyu gözlədiyimiz tarixi ədaləti bərpa edən Prezident İlham Əliyevin qətiyyətli və mahir rəhbərliyi ilə Azərbaycan xalqı tamamilə yeni bir inkişaf epoxasına qədəm qoyub. Ulu Öndərin ən ülvi arzusu – Şuşanı azad görmək arzusu bu gün artıq reallıqdır. Hazırda Böyük Qayıdış çərçivəsində viran qalmış torpaqlarımızda irimiqyaslı bərpa, quruculuq işləri aparılır, şəhərlərimiz və kəndlərimiz yenidən həyata qayıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasi kurs, güclü iqtisadiyyat modeli Azərbaycanın davamlı tərəqqisini və beynəlxalq nüfuzunun artmasını gələcəkdə də dönmədən təmin edəcəkdir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu