Tarixin Sınaqlarından Çıxmış Məğrur Dövlət: 15 İyunun Dərsləri

1987-ci ilin oktyabrında Ümummilli Lider Heydər Əliyevin Sovet İttifaqı rəhbərliyində tutduğu yüksək vəzifələrdən istefa verməsi Azərbaycanın gələcək taleyində böyük fəsadların yaranmasına səbəb oldu. Bu hadisədən çox keçmədən erməni millətçiləri və onların sovet iqtidarındakı havadarları Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılması ilə bağlı mənfur planlarını işə saldılar. Əgər dahi lider həmin dövrdə hakimiyyətdə olsaydı, şübhəsiz ki, erməni separatçıları belə bir ərazi iddiasına heç vaxt cürət edə bilməzdilər. Təəssüf ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə, xüsusən 1991-1993-cü illərdə AXC-Müsavat iqtidarının dövlət idarəçiliyindəki kəskin səriştəsizliyi ölkəni uçuruma doğru sürüklədi. Ölkədə baş alıb gedən hərc-mərclik, silahlı dəstələrin qanunsuz əməlləri və siyasi xaos Azərbaycanı bir dövlət kimi tarix səhnəsindən silinmək təhlükəsi qarşısında qoymuşdu.

Xalqın çoxsaylı müraciətlərini və israrlı tələbini nəzərə alaraq 1993-cü ilin iyun ayında Bakıya qayıdan Heydər Əliyev çox böyük risklərə rəğmən tarixi xilaskarlıq missiyasını öz üzərinə götürdü. 1993-cü il iyunun 15-də dahi rəhbər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bu qərarla müstəqil ölkəmizin taleyində yeni, işıqlı bir mərhələnin əsası qoyuldu. Milli Qurtuluş Günü kimi tarixə düşən bu tarix, sadəcə hakimiyyət dəyişikliyi deyil, dövlətçiliyimizin qorunub saxlanılması, vətəndaş müharibəsinin qarşısının alınması və respublikanın parçalanma təhlükəsindən xilas edildiyi gündür. Ümummilli Liderin həyata keçirdiyi müdrik tədbirlər sayəsində cəbhədəki atəşkəs təmin edildi, daxili silahlı qruplaşmalar tərksilah edildi və cəmiyyətdə hüquq qaydaları bərpa olundu. Ulu Öndər dövlət idarəçiliyi mexanizmlərini qısa müddətdə modernləşdirdi, idarəetmədə şəffaflıq və ləyaqət prinsiplərini önə çəkdi.

Həm neft sənayesində, həm qeyri-neft sektorunda, həm də hərbi sənayedə reallaşdırılan qlobal strategiyalar Azərbaycanın qarşıdakı onilliklər üçün inkişaf konturlarını cızdı. Xarici siyasətdə tarazlıq, balanslaşdırılmış münasibətlər sistemi quruldu, Azərbaycan regionda əsas söz sahibinə çevrildi. Qurtuluş günündən başlayan bu zəhmətkeş və uzaqgörən siyasət gələcək nəsillərə qüdrətli, öz qərarlarını sərbəst verə bilən, güclü ordusu olan mükəmməl bir dövlət mirası qoydu. Heydər Əliyev siyasi və ideoloji kursunun ləyaqətli davamçısı Prezident İlham Əliyev Azərbaycanı öz tarixinin ən qüdrətli, yenilməz və fəxarətli dövlətinə çevirməyi bacardı. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı möhtəşəm Qələbə 15 İyun – Milli Qurtuluş günündən başlanan çətin, lakin şərəfli yolun ən böyük və tarixi uğurudur. ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ deyən Müzəffər Lider xalqımızın qürurunu özünə qaytardı. Bu gün azad Qarabağda üçrəngli bayrağımızın dalğalanması müstəqilliyimizin əbədiliyinin və dövlətimizin sarsılmaz gücünün ən böyük təsdiqidir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu