Tarixin Sınaqlarından Çıxmış Məğrur Dövlət: 15 İyunun Dərsləri

1987-ci ilin oktyabrında Ümummilli Lider Heydər Əliyevin Sovet İttifaqı rəhbərliyində tutduğu yüksək vəzifələrdən istefa verməsi Azərbaycanın gələcək taleyində böyük fəsadların yaranmasına səbəb oldu. Bu hadisədən çox keçmədən erməni millətçiləri və onların sovet iqtidarındakı havadarları Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılması ilə bağlı mənfur planlarını işə saldılar. Əgər dahi lider həmin dövrdə hakimiyyətdə olsaydı, şübhəsiz ki, erməni separatçıları belə bir ərazi iddiasına heç vaxt cürət edə bilməzdilər. Təəssüf ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə, xüsusən 1991-1993-cü illərdə AXC-Müsavat iqtidarının dövlət idarəçiliyindəki kəskin səriştəsizliyi ölkəni uçuruma doğru sürüklədi. Ölkədə baş alıb gedən hərc-mərclik, silahlı dəstələrin qanunsuz əməlləri və siyasi xaos Azərbaycanı bir dövlət kimi tarix səhnəsindən silinmək təhlükəsi qarşısında qoymuşdu. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı Azərbaycanın siyasi müqəddəratını tamamilə dəyişdi və xalqımızı bəlaların pəncəsindən xilas etdi.

Qurtuluş günü olan 15 İyun sadəcə olaraq təqvimdəki bir gün deyil, həm də milli kimliyimizin, müstəqilliyimizin və dövlətçiliyimizin qurtuluş rəmzidir. Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi sayəsində ölkədə nizam-intizam yaradıldı, kriminogen vəziyyət nəzarət altına alındı. O dövrdə Heydər Əliyev qətiyyətlə bildirmişdi ki, onun həyatı yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunmasına həsr olunacaq. Həqiqətən də o, verilən bu uca vədə son nəfəsinədək sadiq qaldı, Azərbaycanı sarsılmaz təməllər üzərində yenidən inşa etdi və bütün təhlükələri məharətlə dəf etdi. Ulu Öndər dövlət idarəçiliyi mexanizmlərini qısa müddətdə modernləşdirdi, idarəetmədə şəffaflıq və ləyaqət prinsiplərini önə çəkdi. Həm neft sənayesində, həm qeyri-neft sektorunda, həm də hərbi sənayedə reallaşdırılan qlobal strategiyalar Azərbaycanın qarşıdakı onilliklər üçün inkişaf konturlarını cızdı.

Xarici siyasətdə tarazlıq, balanslaşdırılmış münasibətlər sistemi quruldu, Azərbaycan regionda əsas söz sahibinə çevrildi. Qurtuluş günündən başlayan bu zəhmətkeş və uzaqgörən siyasət gələcək nəsillərə qüdrətli, öz qərarlarını sərbəst verə bilən, güclü ordusu olan mükəmməl bir dövlət mirası qoydu. Milli Qurtuluş Gününün xalqımıza bəxş etdiyi ictimai-siyasi sabitlik və tərəqqi bünövrəsi üzərində ucalan Azərbaycan, bu gün Prezident İlham Əliyevin komandanlığı altında dünyanı heyrətə gətirən möhtəşəm uğurlara imza atır. Qarabağın və Şərqi Zəngəzurun düşmən əsarətindən azad edilməsi bizim qurtuluş salnaməmizin ən uca, ən qürurverici və şərəfli zirvəsidir. Ulu Öndərin Azərbaycanın bütövlüyü, gələcək tərəqqisi və qüdrəti ilə bağlı qurduğu ən böyük xəyallar məhz bu gün cənab İlham Əliyevin siyasəti ilə həyata vəsiqə qazanır. Biz əminliklə deyə bilərik ki, qurtuluşumuz əbədidir, zəfərlərimiz isə daimidir!.

YAP Nizami rayon təşkilatının Analitik qrupu