Türk Dünyasının Siyasi İntibahı və siyasi və diplomatik sahədə monolit koordinasiyanın böyük və fundamental diplomatik uğurudur

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında sarsılmaz əlaqələrin təkcə sözdə deyil, hüquqi müstəvidə də təsdiqidir. Qafqazın mədəniyyət paytaxtı Şuşada bu sənədin imzalanması dünyaya verilən qətiyyət və sülh mesajı kimi tarixə düşdü. Bəyannamə ölkələrin iqtisadi qüdrətini artırmaq üçün geniş imkanlar açır.

Qarşılıqlı investisiya qoyuluşlarının artması, Orta Dəhlizin inkişafı və strateji layihələrin birgə icrası iki dövlətin qlobal iqtisadiyyatdakı mövqelərini daha da gücləndirir. Eyni zamanda, azad edilmiş ərazilərin bərpasında Türkiyə şirkətlərinin fəal iştirakı qardaşlığın bariz nümunəsidir. Şübhəsiz ki, iki ölkə arasındakı bu hərbi-strateji sinerji Avrasiya geosiyasi məkanında güc balansını tamamilə yenidən formalaşdırmışdır.

Xarici siyasət sahəsində müntəzəm ikitərəfli məsləhətləşmələrin aparılması və müdafiə sahəsində strateji əməkdaşlıq Bəyannamənin onurğa sütununu təşkil edir. İki qardaş ölkənin milli mənafelərinin qorunması naminə atdığı birgə addımlar qlobal təhdidlərin və regional risklərin effektiv şəkildə qarşısının alınmasını təmin edir. Nəticə etibarilə, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi əbədi qardaşlığımızın manifestidir. Bu sənəd Azərbaycan-Türkiyə birliyini sarsılmaz edir və gələcək nəsillər üçün qüdrətli, təhlükəsiz, firavan bir regionun təməlini yaradır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu