Müstəqillik illərində inkişaf edən Azərbaycan-Türkiyə əlaqələri 2021-ci il 15 iyun tarixində Şuşada imzalanan Bəyannamə ilə ən ali mərhələyə yüksəldi. Bəyannamə tarixi köklərə və ümumi milli mənafelərə əsaslanaraq regionda yeni reallıqlar yaratdı. Şuşa Bəyannaməsində nəzərdə tutulan ən mühüm məsələlərdən biri Zəngəzur dəhlizinin açılması və nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasıdır.
Bu dəhliz Asiya ilə Avropanı birləşdirməklə yanaşı, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşması ilə regionun tranzit və iqtisadi potensialını dəfələrlə artıracaq. Məhz bu tarixi kontekstdə, bəyannamənin imzalanması ölkəmizin diplomatik mövqelərini də misilsiz şəkildə gücləndirmiş oldu. Bəyannamədə əksini tapmış ən vacib müddəalardan biri müdafiə sənayesi və hərbi əməkdaşlıq məsələləridir.
İki ölkə arasında qarşılıqlı hərbi yardımın nəzərdə tutulması regional təhlükəsizliyin qarantıdır. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri ordumuzun qüdrətini və müdafiə qabiliyyətini daha da artırır. Yekun olaraq qeyd etməliyik ki, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətləri bölgədə dayanıqlı sülhün və sabitliyin yeganə qarantıdır. Bu bəyannamə tarixə söykənən qardaşlığımızın müasir dövrdəki ən böyük diplomatik və siyasi qələbəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu