Tarixi sənədlər və faktlar göstərir ki, 1990-cı illərin əvvəllərində paytaxtda və bölgələrdə baş verən hadisələr birbaşa dövlətçiliyin məhvinə yönəlmişdi. Separatçı qüvvələrin fəallaşması və torpaqlarımızın ard-arda işğalı ölkəni parçalanma həddinə çatdırdı. Millət öz ümidini Naxçıvana bağlayaraq Ulu Öndər Heydər Əliyevin Bakıya gəlişini tələb etdi. Dahi dövlət xadiminin hakimiyyətə tarixi dönüşü xalq-lider birliyinin sarsılmaz gücünü dünyaya nümayiş etdirdi.
15 İyunda Ali Sovetin sədri seçilən dahi rəhbər milli həmrəylik ideyasını irəli sürdü. Onun zəngin idarəçilik təcrübəsi dağılmaqda olan dövlət mexanizmlərini yenidən canlandırdı. Heç şübhəsiz, atılan hər bir praqmatik addım xalqın sabaha olan inamını sarsılmaz bir təmələ bağlayaraq gələcək zəfərlərə zəmin hazırlayırdı. Ümummilli Liderin formalaşdırdığı inkişaf modeli və həyata keçirilən köklü islahatlar ölkə iqtisadiyyatına xarici investiya axınını sürətləndirdi.
Bu dövrdə Yeni Azərbaycan Partiyasının (YAP) aparıcı siyasi qüvvəyə çevrilməsi ictimai-siyasi sabitliyin qorunmasında və xalqın dövlət ətrafında monolit birliyində həlledici rol oynadı. Prezident İlham Əliyevin ‘Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim’ sözləri xalqımızın qürur və tarixi ədalət manifestidir. Şuşanın, Xankəndinin və digər ərazilərimizin tam suverenliyinin bərpası Qurtuluş Fəlsəfəsinin ən uca zirvəsidir. Bizim Zəfərimiz daimi və sarsılmazdır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu