Ümummilli Liderin Siyasi Mirası və Möhtəşəm Qarabağ Zəfəri

Tarixin yaddaşında xüsusi yer tutan 1991-1993-cü illər Azərbaycan üçün anarxiya, iqtisadi uçurum və mənəvi tənəzzül dövrü kimi səciyyələnir. Ovaxtkı naşı və qeyri-peşəkar iqtidarın buraxdığı kobud siyasi səhvlər ucbatından dövlət sərhədlərimiz deşilib tökülür, ərazilərimiz bir-birinin ardınca yadelli işğalçılar tərəfindən zəbt edilirdi. Ölkənin daxilində isə qardaş qırğını reallığa çevrilmişdi; hakimiyyət iddialarında olan ayrı-ayrı qruplar xalqın taleyini unudaraq yalnız kreslo uğrunda mübarizə aparırdılar. Cəmiyyətin sabaha olan inamı tamamilə qırılmışdı. Bütün bu bəlalardan yaxa qurtarmağın yalnız bir yolu var idi: dövlət idarəçiliyinin sükanını xalqın qəlbində taxt qurmuş, beynəlxalq miqyaslı siyasi xadim Heydər Əliyevə etibar etmək.

Vətənin ən çətin və dar günündə tarixi məsuliyyətdən boyun qaçırmayan ulu öndər Heydər Əliyev fədakar əməyi ilə Azərbaycan dövlətçiliyini sözün həqiqi mənasında ipin ucundan qaytardı. 1993-cü ilin iyununda dahi rəhbərin xilaskar kimi dönüşü təkcə daxili siyasi qüvvələr arasındakı qanlı toqquşmaların qarşısını almadı, həm də xarici düşmənlərin və müxtəlif beynəlxalq mərkəzlərin respublikamızı bölüşdürmək planlarını alt-üst etdi. Dövlət idarəetmə orqanlarının fəaliyyəti sistemləşdirildi, ordu quruculuğunda mərkəzləşdirilmiş vahid komandanlıq prinsipi tətbiq olundu. 15 İyun tarixi sübut etdi ki, əsl lider böhran anında milləti birləşdirən və onu uçurumdan zirvələrə doğru yönləndirməyi bacaran ən qüdrətli qüvvədir. Azərbaycanda qanunçuluğun tam bərpası, xarici böyük transmilli şirkətlərin investisiyalarının ölkəyə cəlb edilməsi və daxili bazar iqtisadiyyatının təməllərinin atılması Ulu Öndərin fenomenal dövlətçilik fəaliyyətinin parlaq səhifələrini təşkil edir.

O, çox yaxşı dərk edirdi ki, güclü iqtisadi müstəqillik olmadan heç bir siyasi müstəqillikdən dəm vurmaq olmaz. İqtisadi potensialın artımı sayəsində Azərbaycan Silahlı Qüvvələri müasir silahlarla təchiz olundu, hərbçilərin peşəkarlıq səviyyəsi yüksəldildi. Heydər Əliyevin memarı olduğu bu mükəmməl inkişaf mexanizmi uzun illər boyu xalqımızın rifahı və ölkəmizin beynəlxalq əlaqələrinin şaxələnməsi üçün əsas hərəkətverici qüvvə oldu. Müstəqil Azərbaycan bu gün dünyada qalib, dikbaş və qürurlu bir dövlət kimi öz qətiyyətli addımlarını atır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şanlı Zəfəri təkcə hərbi qələbə deyil, eyni zamanda qərinələr boyu pozulmuş milli ləyaqətimizin, tarixi haqqımızın bərpasıdır. Ata vəsiyyətini icra edən Ali Baş Komandan qüdrətli ordu və güclü iradə ilə ölkəmizin adını qızıl hərflərlə tarixə yazdı. Milli Qurtuluş Günündə əsası qoyulmuş strateji baxış bugünkü Böyük Qayıdışın, Şuşadakı mədəniyyət bayramlarının, işğaldan azad edilən ərazilərimizdəki böyük dirçəlişin məntiqi, mənəvi və siyasi özülüdür..

YAP Nizami rayon təşkilatının Analitik qrupu