Tarixi reallıqlar sübut edir ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən dərin iqtisadi və siyasi böhran respublikanın mövcudluğunu sual altına almışdı. Ölkənin müxtəlif bölgələrində fəallaşan separatçı silahlı qruplaşmalar hakimiyyət uğrunda açıq mübarizəyə başlamışdılar. Parçalanmaqda olan ölkəni vətəndaş müharibəsindən qurtarmaq üçün xalq öz liderini, Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Vətənin səsinə səs verən dahi dövlət xadimi 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdaraq Azərbaycanı fəlakətlərdən xilas etdi.
Qurtuluş günü olan 15 İyun tarixi sadəcə hakimiyyət dəyişikliyi deyil, milli qürur və ləyaqətin xilas edilməsidir. Bütün qanunsuz dəstələr ləğv olundu və müstəqil dövlət quruculuğu prosesinə start verildi. İqtisadi dirçəliş prinsipləri ordu quruculuğu sahəsi ilə birbaşa sintez təşkil edirdi. Azərbaycan iqtisadi baxımdan gücləndikcə hərbi qüdrətini də artırır, beynəlxalq arenada prinsipial mövqeyini inamla nümayiş etdirirdi.
Ulu Öndərin həyata keçirdiyi müstəqil siyasət Azərbaycanı qlobal güclərin etibarlı tərəfdaşına çevirdi. Bu gün müstəqil Azərbaycan dövləti tam suveren, qalib və qürurlu bir ölkə kimi dünya birliyində öz sözünü deyir. Ali Baş Komandanın rəhbərliyi altında qazanılan Zəfər dahi rəhbərin uzaqgörən siyasətinin davamıdır. Azad olunmuş torpaqlarımızda yenidən həyat qaynayır, Novruz tonqalları qalanır və bu reallıq xalqımızın əbədi qurtuluşunun bariz nümunəsidir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu