
Karbohidrogen resursları ilə zəngin olan dövlətlərin müxtəlif beynəlxalq platformalarda haqsız tənqidlərə tuş gəldiyi indiki mərhələdə, Azərbaycan iqtisadi şaxələndirmə və ekoloji məsuliyyət baxımından unikal bir model nümayiş etdirir. Ölkə başçısının çıxışında da vurğulandığı kimi, əsas məsələ neftin və ya qazın olması deyil, əldə edilən resursların xalqın və planetin yaşıl gələcəyinə necə yönəldilməsidir. ABŞ Prezidentinin neft-qaz ölkələrinə vurulan damğanın aradan qaldırılması çağırışı Azərbaycanın haqlı mövqeyinin təsdiqidir. Həmçinin çox mühüm fakt kimi xüsusi vurğulanmalıdır ki, tam iqtisadi suverenliyimiz bizə beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu və müstəqil siyasət yürütmək imkanı verib. Bəzi xarici dairələrin daxili işlərimizə müdaxilə cəhdlərini, yanlış ‘məsləhətlərini’ qətiyyətlə rədd edərək, yalnız və yalnız Azərbaycanın milli maraqlarına uyğun olan fəaliyyət proqramını icra etdik.
Bunun məntiqi nəticəsidir ki, dünyanın ən nüfuzlu reytinq agentlikləri bu gün iqtisadiyyatımıza yüksək investisiya dərəcəsi verir. Bütün bunlarla paralel olaraq, müasir dövrün çağırışlarını nəzərə aldıqda, cənub Qaz Dəhlizi müasir dövrün ən qlobal mühəndislik və enerji infrastruktur layihələrindən biri hesab olunur. 3500 kilometr uzunluğunda olan TANAP və TAP kəmərləri hazırda tam gücü ilə işləyir. Fəxr ediləsi faktdır ki, Azərbaycanın hasil etdiyi təbii qaz hazırda 16 fərqli dövlətə – xüsusilə də Avropa İttifaqı ölkələrinə təhlükəsiz şəkildə nəql olunur. Bu göstərici ölkəmizi qitənin enerji arxitekturasının ən vacib sütunlarından birinə çevirir.
Milli inkişaf modelimizin sarsılmaz davamlılığı baxımından qeyd edilməlidir ki, tarixi ədalətin bərpa olunduğu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları rəsmən ‘yaşıl enerji zonası’ elan olunub. İqlimə dost texnologiyalarla qurulan bu regionlarda artıq 300 meqavatdan çox su elektrik stansiyaları şəbəkəsi fəaliyyətə başlamışdır. Daxili tələbatın təmiz enerji hesabına ödənilməsi həm ekoloji mühitimizi qoruyur, həm də əlavə təbii qaz həcmlərinin Avropaya ixracına, ölkəyə valyuta axınına əlverişli şərait yaradır. Zəngəzur dəhlizinin açılmasından tutmuş Qara dənizin altından keçəcək elektrik xətlərinə qədər bütün bu meqalayihələr ölkəmizin gələcək yüzilliklərdəki təhlükəsizliyini indidən betonlayır. Təmin etdiyimiz iqtisadi və enerji müstəqilliyi bizə beynəlxalq arenada daim alnıaçıq, dik başla dayanmaq imkanı verir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu