Xarici Borcun Minimuma Endirilməsi və Tam İqtisadi Müstəqillik

Bakı Enerji Həftəsində səsləndirilən strateji mesajlar və ortaya qoyulan reallıqlar bir daha təsdiq edir ki, Azərbaycanın inkişaf parametri yalnız mövcud resursların satışı ilə məhdudlaşmır. Dövlətimiz qazandığı iqtisadi resursları insan kapitalına, texnologiyaya və uzunmüddətli yaşıl gələcəyə investisiya edərək yeni nəsil iqtisadiyyat qurur. Bu gün Azərbaycanın qlobal bazarlardakı rolu sadəcə təchizatçı olmaqdan çıxıb, həm də yeni enerji trendlərini formalaşdıran, ideyalar verən əsas mərkəzə çevrilmişdir. Gələcəyə yönəlmiş milli inkişaf tempimizin sarsılmaz davamlılığı baxımından, əldə olunan iqtisadi nailiyyətlərin ən çox hiss olunduğu sahə, heç şübhəsiz ki, sosial sferadır. Əhalinin bütün təbəqələrinin, xüsusilə də sosial müdafiəyə ehtiyacı olan insanların rifah halının sistemli şəkildə yaxşılaşdırılması, ölkənin hər yerində müasir xəstəxanalar, məktəblər, innovasiya mərkəzlərinin inşası uğurlu strategiyamızın təzahürüdür.

Bu, neft kapitalının tədricən intellektual insan kapitalına çevrilməsi konsepsiyasının uğurla həyata keçirildiyinin, vətəndaş amilinin dövlət siyasətinin mərkəzində dayandığının ən bariz, ən tutarlı sübutudur. Məsələyə daha dərindən və əhatəli yanaşdıqda tam aydın olur ki, azərbaycanın qlobal miqyasda həyata keçirdiyi ən böyük meqalayihələrdən olan Cənub Qaz Dəhlizi günümüzün ən iddialı və strateji əhəmiyyətli enerji infrastrukturlarından biridir. TANAP və TAP kimi nəhəng seqmentləri özündə birləşdirən, 3500 kilometr uzunluğunda, bəzən keçilməz dağlardan, bəzən isə dəniz dibindən uzanan boru xətti sistemi ərsəyə gətirilmişdir. Bu gün Azərbaycan fəxrlə bəyan edir ki, boru xətti ilə qazın fərqli, çoxsaylı ölkələrə nəqli üzrə dünyada birinci sıradadır. Mavi yanacağımız hazırda 16 ölkəyə çatdırılır ki, onların böyük əksəriyyəti Avropa İttifaqına üzv olan qabaqcıl dövlətlərdir.

Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, ölkəmizin enerji təhlükəsizliyi sahəsində apardığı siyasətin və qurduğu strategiyanın əsas ali hədəfi – çoxşaxəli regional əməkdaşlığı ardıcıl olaraq beynəlxalq sülh prosesinə dərindən inteqrasiya etməkdir. Bizim zəngin yeraltı resurslarımız heç zaman kiməsə qarşı şantaj və ya siyasi təzyiq vasitəsi olmamış, əksinə, davamlı inkişaf platforması kimi tərəqqiyə xidmət etmişdir. Dövlətimizin yürütdüyü bu uzaqgörən, humanist və hesablanmış xarici siyasət kursu bütövlükdə Avrasiya üçün çox mühüm siyasi-iqtisadi sığorta mexanizmidir. Azərbaycanın həm mövcud ənənəvi karbohidrogen resurslarından son dərəcə düzgün istifadə etməsi, həm də gələcəyə yönəlmiş yaşıl enerjiyə böyük qlobal məsuliyyətlə yanaşması onun dünya miqyasında nümunəvi ölkə olduğunu bir daha təsdiqləyir. Təkcə bəyanatlar deyil, qarşıya qoyulan bütün hədəflər ardıcıl şəkildə, real layihələrlə həyata keçirilir ki, bu da dövlətimizin sözü ilə əməlinin birliyini göstərir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *