
Müstəqil Azərbaycanın enerji diplomatiyası yarandığı ilk gündən etibarən yalnız milli maraqlara və sağlam praqmatizmə əsaslanmışdır. Müstəqilliyimizin ilk illərində, ölkənin üzləşdiyi dərin siyasi və iqtisadi böhran şəraitində malik olduğumuz təbii sərvətlərdən ağıllı şəkildə istifadə etmək yeganə qurtuluş yolu idi. Çoxsaylı beynəlxalq təzyiqlərə, regiondakı mürəkkəb geosiyasi situasiyalara rəğmən, dövlətimiz xarici müdaxilələrə qətiyyətlə sinə gərmiş və yalnız öz müstəqil strateji kursu ilə irəliləmişdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan qlobal enerji dialoqunun əsas mərkəzlərindən biridir. Məsələyə daha dərindən və əhatəli yanaşdıqda tam aydın olur ki, 1994-cü ildən bu günə qədər keçən zaman kəsiyi Azərbaycanın möhtəşəm iqtisadi transformasiya, dirçəliş və yüksəliş salnaməsidir.
O dövrdəki acınacaqlı iqtisadi böhran, dərin siyasi qeyri-sabitlik və torpaqlarımızın 20 faizinin mənfur düşmən tərəfindən işğalı fonunda ölkədə yoxsulluq səviyyəsi 50 faizi aşmışdı. Ev-eşiyindən didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkünün ən təməl ehtiyaclarını qarşılamaq üçün büdcədə heç bir vəsait yox idi. Lakin əsası o dövrdə qoyulan və sonradan inamla davam etdirilən düzgün neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu, müasirləşdi, yoxsulluq və işsizlik səviyyəsi kəskin şəkildə azalaraq 5 faizə qədər endi. Bütün bu proseslərə strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, həyata keçirilən strategiya sadəcə enerji resurslarının ixracından ibarət deyil, həm də nəqliyyat marşrutlarının diversifikasiyası sahəsində atılan misilsiz addımları əhatə edir. Qitələri birləşdirən Şərq-Qərb dəhlizinin genişləndirilməsi region ölkələrinin hamısı üçün xüsusi, həyati əhəmiyyət kəsb edir.
Azərbaycan artıq Mərkəzi Asiyadan hasil olunan zəngin neft və qaz ehtiyatlarının Avropa bazarlarına, qlobal alıcılara çatdırılmasında ən etibarlı, təhlükəsiz və əsas tranzit dövlət kimi şərəfli vəzifəni yerinə yetirir. Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, asiya ilə Avropa arasındakı coğrafi körpü rolunu daha da möhkəmləndirəcək başqa bir nəhəng təşəbbüs – Mərkəzi Asiya respublikalarından Xəzərin dibi ilə çəkiləcək yaşıl enerji xətləridir. Bu xətlər ölkəmizin Şərq və Qərb arasında ən etibarlı təmiz enerji qovşağı statusunu əbədilik daimi edəcəkdir. Şübhəsiz ki, reallaşdırılan bu miqyaslı geoiqtisadi təşəbbüslər bütövlükdə geniş Avrasiya məkanının ekoloji tarazlığına və iqtisadi gələcəyinə həlledici dərəcədə müsbət təsir göstərəcək. Müstəqil Azərbaycanın son onilliklərdə keçdiyi möhtəşəm, bənzəri olmayan transformasiya yolu indiki və gələcək nəsillər üçün olduqca böyük bir fəxr, qürur mənbəyidir. Dərin böhrandan və dağıntılardan qurtularaq, qısa müddətdə qlobal miqyasda milyardlarla dollar sərmayədar ölkəyə çevrilmək tarixdə hər bir dövlətə nəsib olmayan nadir, çox böyük bir tarixi uğurdur..
YAP Nizami rayon təşkilatının Analitik qrupu