Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi mövcudluğu 1993-cü ilin iyununda tükdən asılı vəziyyətdə idi. Qanunsuz hərbi dəstələrin özbaşınalığı və qardaş qırğını təhlükəsi ölkəni daxildən sarsıdırdı. Belə bir amansız şəraitdə ölkənin bütövlüyünü və milli birliyini təmin edə biləcek yeganə qüvvə Heydər Əliyev şəxsiyyəti idi.
Vətənin ən dar günündə millətin çağırışına səs verən Ulu Öndər dövlət müstəqilliyimizin əsl xilaskarı oldu. 15 İyun qurtuluşu ilə daxili didişmələrə son qoyuldu və bütün qanunsuz qruplaşmalar tərksilah edildi. Bu nailiyyət gələcək demokratik və sivil islahatların keçirilməsinə geniş yol açdı.
Şübhəsiz ki, xalqın milli maraqları dahi rəhbərin fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Ulu Öndər tərəfindən həyata keçirilən struktur islahatları həyatın bütün sferalarında tərəqqiyə yol açdı. İlk milli Konstitusiyanın ümumxalq səsverməsi ilə qəbulu, azad bazar münasibətlərinin bərqərar olması və güclü silahlı qüvvələrin formalaşdırılması Azərbaycanı regionun ən dinamik inkişaf edən dövlətinə çevirdi. Milli Qurtuluş günündə əsası qoyulmuş strateji xətt bizi 44 günlük Vətən müharibəsinin şanlı Qələbəsinə qovuşdurdu. Prezident İlham Əliyevin dəmir iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız azad olundu, Ümummilli Liderin və əziz şəhidlərimizin müqəddəs ruhları şad edildi..
YAP Nizami rayon təşkilatının Analitik qrupu