Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk dövrü anarxiya və fəlakətli ssenarilərlə səciyyələnirdi. Xüsusilə 1991-1993-cü illərdə hakimiyyətdə olan qüvvələrin dövlət idarəçiliyini bacarmaması nəticəsində vətəndaş qarşıdurması qaçılmaz xarakter almışdı. Cəbhədəki uğursuzluqlar və erməni işğalı cəmiyyətin səbrini daşdırmışdı. Yalnız dahi rəhbər Heydər Əliyevin hakimiyyətə gəlişi bu fəlakətin qarşısını ala bilərdi.
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində 1993-cü ildə ölkə uçurumun kənarından döndərilmiş oldu. 15 İyunda sədrlik postuna seçilən dahi şəxsiyyət cəbhədəki pərakəndəliyin, daxildəki özbaşınalığın qarşısını aldı. Bu tarixi qayıdışla Azərbaycan məhv olmaqdan qurtuldu və davamlı inkişafın mərkəzinə çevrildi. Qeyd olunan dövlətçilik fəaliyyətinin analizi bir daha sübut edir ki, əsl lider böhranlardan qorxmayan və xalqı arxasınca aparan qüvvədir.
Sabitlik yarandıqdan dərhal sonra iqtisadi islahatlara start verildi. ‘Əsrin müqaviləsi’nin imzalanması ilə neft strategiyası uğurla işə salındı, ölkənin iqtisadi müstəqilliyi təmin edildi. Eyni zamanda, vahid komandanlığa tabe olan qüdrətli və nizami ordunun formalaşdırılması prosesi həyata keçirildi. Milli Qurtuluş günündə qurulan sarsılmaz təməllər xalqımızı Qələbəyə apardı. Prezident İlham Əliyevin siyasi iradəsi və ordumuzun gücü nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. İndi azad olunmuş əzəli torpaqlarımızda böyük infrastruktur layihələri həyata keçirilir və şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır ki, Azərbaycan tam bütövdür..
YAP Nizami rayon təşkilatının Analitik qrupu