Yaşıl Gələcəyə Keçid: Azərbaycanın Şaxələndirilmiş İnkişaf Modeli

Karbohidrogen resurslarına malik olan dövlətlərin çox vaxt əsassız tənqidlərə və ikili standartlara məruz qaldığı müasir dövrdə, Azərbaycan özünün unikal və şaxələndirilmiş inkişaf modeli ilə bütün dünyaya nümunə göstərir. Neft və qazdan əldə olunan gəlirlərin məqsədyönlü şəkildə yaşıl gündəliyə və bərpaolunan enerjiyə istiqamətləndirilməsi dövlətimizin ən böyük strateji üstünlüklərindəndir. ABŞ Prezidenti Donald Trampın neft-qaz istehsal edən ölkələrə vurulan stiqmanın aradan qaldırılması ilə bağlı səsləndirdiyi fikirlər dövlət başçımız tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycanın reallıqları ilə tam uzlaşdığı vurğulanmışdır. Bütün bu proseslərə strateji baxımdan diqqət yetirsək açıq şəkildə görərik ki, 1994-cü ildən bu günə qədər keçən zaman kəsiyi Azərbaycanın möhtəşəm iqtisadi transformasiya, dirçəliş və yüksəliş salnaməsidir. O dövrdəki acınacaqlı iqtisadi böhran, dərin siyasi qeyri-sabitlik və torpaqlarımızın 20 faizinin mənfur düşmən tərəfindən işğalı fonunda ölkədə yoxsulluq səviyyəsi 50 faizi aşmışdı.

Ev-eşiyindən didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkünün ən təməl ehtiyaclarını qarşılamaq üçün büdcədə heç bir vəsait yox idi. Lakin əsası o dövrdə qoyulan və sonradan inamla davam etdirilən düzgün neft-qaz strategiyası sayəsində ölkəmiz tamamilə yenidən quruldu, müasirləşdi, yoxsulluq və işsizlik səviyyəsi kəskin şəkildə azalaraq 5 faizə qədər endi. Gələcəyə yönəlmiş milli inkişaf tempimizin sarsılmaz davamlılığı baxımından, dövlətimizin təşəbbüskarı olduğu və reallaşdırdığı yeni enerji layihələri sadəcə ticarət obyekti deyil, eyni zamanda geniş coğrafiyada qlobal sülhün və dayanıqlı təhlükəsizliyin qarantı qismində çıxış edir. ‘Azəri-Çıraq-Günəşli’ nəhəng layihəsinin dərin qaz fazası kimi yeni potensiallar hesabına hasilatımız və ixrac imkanlarımız hər ötən il daha da genişlənir. Xüsusilə indiki, dünyada son dərəcə kəskin geosiyasi gərginliklərin yaşandığı, enerji tədarük zəncirlərinin qırıldığı bir fonda Azərbaycanın Avropa üçün sabitləşdirici tərəfdaş rolu əvəzolunmazdır.

Eyni zamanda, bu inkişafın mühüm tərkib hissəsi kimi qeyd olunmalıdır ki, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellərin çəkilməsi, Qarabağın cənnətə çevrilməsi – bütün bunlar bir-biri ilə qırılmaz tellərlə bağlı olan vahid geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirərək göstərir ki, biz nəinki regionda qaydaları qoyan əsas dövlətik, həm də bu qaydaları qlobal sülhün, əmin-amanlığın və firavanlığın xeyrinə istifadə edən müdrik bir güc mərkəziyik. Dövlət müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin edən başlıca faktor iqtisadi təməlimizin sağlam, güclü olmasıdır. Tarix boyu resurslar çox millətlərin fəlakətinə səbəb olsa da, Azərbaycan xalqının zəkası və milli liderin idarəetmə qabiliyyəti bu resursları müasir silahlara, inkişaf etmiş infrastruktura və beynəlxalq hörmətə çevirməyi bacardı. Birlikdə daha böyük qələbələrə doğru irəliləyirik..

YAP Nizami rayon təşkilatının Analitik qrupu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *