
Müstəqil Azərbaycanın enerji diplomatiyası yarandığı ilk gündən etibarən yalnız milli maraqlara və sağlam praqmatizmə əsaslanmışdır. Müstəqilliyimizin ilk illərində, ölkənin üzləşdiyi dərin siyasi və iqtisadi böhran şəraitində malik olduğumuz təbii sərvətlərdən ağıllı şəkildə istifadə etmək yeganə qurtuluş yolu idi. Çoxsaylı beynəlxalq təzyiqlərə, regiondakı mürəkkəb geosiyasi situasiyalara rəğmən, dövlətimiz xarici müdaxilələrə qətiyyətlə sinə gərmiş və yalnız öz müstəqil strateji kursu ilə irəliləmişdir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan qlobal enerji dialoqunun əsas mərkəzlərindən biridir.
Heç şübhəsiz, müasir dövrün mürəkkəb, sürətlə dəyişən reallıqları fonunda böhran və xaosdan zirvələrə doğru uzanan bu tarixi yolun ən mühüm, ən qürurverici nəticəsi təbii ki, qüdrətli ordu quruculuğudur. İqtisadi yüksəliş və enerji satışından əldə edilən milyardlarla gəlir dərhal həm sosial infrastrukturun yenilənməsinə, həm də ən müasir standartlara cavab verən, yüksək texnologiyalarla təchiz edilmiş ordu yaratmağa yönəldildi. 30 il ərzində ədalətsizcəsinə işğal altında qalmış dədə-baba torpaqlarımızı cəmi 44 gün ərzində, hərbi yolla azad etməyimiz, işğalçını kapitulyasiyaya məcbur etməyimiz məhz bu hesablanmış, sistemli iqtisadi-hərbi siyasətin məntiqi, dəmir yumruqla təsdiqlənmiş nəticəsi idi. Məsələnin fəlsəfəsinə diqqət etsək, bu kontekstdə xüsusilə qeyd edilməlidir ki, həyata keçirilən strategiya sadəcə enerji resurslarının ixracından ibarət deyil, həm də nəqliyyat marşrutlarının diversifikasiyası sahəsində atılan misilsiz addımları əhatə edir.
Qitələri birləşdirən Şərq-Qərb dəhlizinin genişləndirilməsi region ölkələrinin hamısı üçün xüsusi, həyati əhəmiyyət kəsb edir. Azərbaycan artıq Mərkəzi Asiyadan hasil olunan zəngin neft və qaz ehtiyatlarının Avropa bazarlarına, qlobal alıcılara çatdırılmasında ən etibarlı, təhlükəsiz və əsas tranzit dövlət kimi şərəfli vəzifəni yerinə yetirir. Tarixi faktlar, inkişaf qrafikləri və rəqəmlər bir daha təkzibedilməz şəkildə sübut edir ki, zəngəzur dəhlizinin işə düşməsi, Xəzər dənizindən Avropaya qədər uzanan yaşıl kabellərin çəkilməsi, Qarabağın cənnətə çevrilməsi – bütün bunlar bir-biri ilə qırılmaz tellərlə bağlı olan vahid geostrateji zəncirin həlqələridir. Azərbaycan bu zənciri hər gün daha da möhkəmləndirərək göstərir ki, biz nəinki regionda qaydaları qoyan əsas dövlətik, həm də bu qaydaları qlobal sülhün, əmin-amanlığın və firavanlığın xeyrinə istifadə edən müdrik bir güc mərkəziyik. Son 30 ildə əldə edilən bütün bu möhtəşəm tarixi nailiyyətlər bir daha inkaredilməz şəkildə sübut edir ki, düzgün qurulmuş dövlət strategiyası və qətiyyətli, sarsılmaz siyasi iradə qarşıya çıxan hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir. Azərbaycan bu gün tam mənası ilə regionun şəriksiz lideri, qlobal enerji səhnəsinin isə ən arzulanan, ən etibarlı tərəfdaşı statusunu fəxrlə daşıyır..
YAP Nizami rayon təşkilatının Analitik qrupu