
Şərqlə Qərbi, Şimalla Cənubu iqtisadi və logistik tellərlə bir-birinə bağlayan Azərbaycan hazırda Avrasiyanın əvəzolunmaz nəqliyyat və enerji mərkəzidir. Müstəqillik illərinin əvvəlində elektrik enerjisini belə xaricdən almağa məcbur olan respublikamız, hazırda onlarla dövlətin enerji təhlükəsizliyini təmin edir, nəhəng beynəlxalq marşrutlara ev sahibliyi edir. Bu möhtəşəm iqtisadi və siyasi dirçəliş prosesi Bakı Enerji Həftəsində bir daha xarici tərəfdaşların və sərmayədarların diqqətinə çatdırıldı. Qeyd edilən reallıqların təhlilinə əsaslanaraq əlavə etmək lazımdır ki, milli sərvətlərimizin əsl sahibinə – Azərbaycan xalqına xidmət etməsi prinsipi strateji idarəetməmizin nüvəsini təşkil edir. Bir zamanlar inkişaf üçün kənardan kapital axtaran Azərbaycan, indi öz milli şirkəti SOCAR vasitəsilə regional və qlobal layihələrə on milyardlarla dollar investisiya yatırır.
Türkiyədəki neft-kimya kompleksləri, Avropa ölkələrindəki paylarımız və Yaxın Şərqdə genişlənən fəaliyyətimiz bizi xammal satan ölkədən transmilli iqtisadi gücə çevirmişdir. Həmçinin çox mühüm fakt kimi xüsusi vurğulanmalıdır ki, mürəkkəb geosiyasi bölgədə 16 müxtəlif dövləti tək bir enerji marşrutunda birləşdirmək yüksək diplomatik istedad tələb edir. Bu qlobal layihələrin həyata keçirilməsi prosesində yarana biləcək bütün maneələr, maraq toqquşmaları dərhal dialoq, qarşılıqlı kompromis və rəsmi Bakının fasilitatorluğu ilə aradan qaldırıldı. Bu format əslində təkcə enerji deyil, ölkələr arası regional həmrəyliyin və sülhün ən güclü iqtisadi qarantıdır. Strateji baxımdan proseslərin inkişaf dinamikasına diqqət yetirsək görərik ki, cOP29 kimi nüfuzlu tədbirlərə ev sahibliyi etməyə hazırlaşan Azərbaycan bərpaolunan enerjini təkcə daxili istehlak üçün deyil, ixrac üçün də planlaşdırır.
Texniki-iqtisadi əsaslandırması yekunlaşmaqda olan ‘Qara dəniz Enerji Kabeli’ vasitəsilə ölkəmiz Gürcüstan və Qara dənizin dibi ilə Avropaya – Rumıniya və Macarıstana birbaşa yaşıl elektrik enerjisi nəql edəcək. Bu, Avropanın yaşıl keçidinə edilən birbaşa və əhəmiyyətli töhfədir. Dövlət müstəqilliyimizin əbədiliyini təmin edən mütləq faktor məhz iqtisadi müstəqilliyimizdir. Tarix göstərir ki, təbii sərvətlər ancaq güclü dövlət idarəçiliyi altında olduqda milli fəlakətə deyil, çiçəklənməyə, modern orduya və qlobal hörmətə gətirib çıxarır. Biz məhz bu doğru inkişaf modelini tətbiq etmişik..
YAP Nizami rayon təşkilatının Analitik qrupu