Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra Azərbaycan və Türkiyə öz qardaşlıq əlaqələrini Şuşa Bəyannaməsi ilə rəsmiləşdirərək müttəfiqlik zirvəsinə qaldırdılar. 15 iyun 2021-ci il tarixi ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafının hüquqi zəminini yaratdı. Azərbaycan və Türkiyə arasındakı iqtisadi inteqrasiya Bəyannamənin əsas istiqamətlərindən biridir.
Ticarət dövriyyəsinin artırılması, logistika imkanlarının şaxələndirilməsi və sərmayə qoyuluşları regionda davamlı rifahın və əlverişli investisiya mühitinin formalaşmasına güclü təkan verir. Xüsusilə vurğulamaq yerinə düşər ki, bu strateji sənəd regional aktorlar tərəfindən də xüsusi diqqətlə qarşılanmışdır. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlər sistemində və xarici siyasət məsələlərində daim koordinasiyalı fəaliyyət göstərirlər.
Milli maraqlara yönəlmiş müstəqil xarici siyasət kursu və qlobal təhlükəsizlik məsələlərində nümayiş etdirilən vahid mövqe Azərbaycan-Türkiyə qardaşlığının həm də beynəlxalq arenada böyük bir güc mərkəzinə çevrildiyini təsdiqləyir. Ümumilikdə, Şuşa Bəyannaməsi xalqlarımızın gələcək inkişaf yolunu aydınlatmışdır. Bu möhtəşəm saziş Azərbaycan və Türkiyənin qardaşlıq bağlarını ən yüksək zirvəyə qaldıraraq əbədiləşdirmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu