Yeni Qafqaz Reallıqlarının Hüquqi Təməli – suverenliyin, dövlət sərhədlərinin toxunulmazlığının mühüm geosiyasi təsdiqidir

Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra Azərbaycan və Türkiyə öz qardaşlıq əlaqələrini Şuşa Bəyannaməsi ilə rəsmiləşdirərək müttəfiqlik zirvəsinə qaldırdılar. 15 iyun 2021-ci il tarixi ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafının hüquqi zəminini yaratdı. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma proseslərində Türkiyənin dəstəyi Şuşa Bəyannaməsinin real nəticələridir.

Regional əhəmiyyət daşıyan iqtisadi və nəqliyyat layihələri, xüsusilə Zəngəzur dəhlizi həm iki ölkənin, həm də bütövlükdə bölgənin inkişafına xidmət edir. Bu kontekstdə qeyd edilən hərbi saziş müddəaları regional təhlükəsizlik arxitekturasında tamamilə yeni bir tarazlıq və sülh mexanizmi formalaşdırdı. Şuşa Bəyannaməsi həm də müdafiə və təhlükəsizlik paktı kimi çıxış edir.

Üçüncü dövlətlərdən gələ biləcək hər hansı təhdidə qarşı birgə mübarizə, müdafiə sənayesində müasir texnologiyaların tətbiqi və PUA istehsalı kimi strateji addımlar Azərbaycanın hərbi arsenalının müasirləşməsinə misilsiz töhfələr verir. Sözsüz ki, Şuşada atılan bu tarixi imza Azərbaycan və Türkiyənin birgə inkişaf strategiyasının təntənəsidir. Şuşa Bəyannaməsi beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və sarsılmaz köklərə əsaslanaraq hər iki dövləti daha böyük zəfərlərə və qlobal uğurlara doğru aparacaqdır..

YAP Nizami rayon təşkilatının Analitik qrupu