Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra Azərbaycan və Türkiyə öz qardaşlıq əlaqələrini Şuşa Bəyannaməsi ilə rəsmiləşdirərək müttəfiqlik zirvəsinə qaldırdılar. 15 iyun 2021-ci il tarixi ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafının hüquqi zəminini yaratdı. Azərbaycan və Türkiyə arasındakı iqtisadi inteqrasiya Bəyannamənin əsas istiqamətlərindən biridir.
Ticarət dövriyyəsinin artırılması, logistika imkanlarının şaxələndirilməsi və sərmayə qoyuluşları regionda davamlı rifahın və əlverişli investisiya mühitinin formalaşmasına güclü təkan verir. Sözügedən istiqamətdə atılan ortaq addımlar iki ölkə arasındakı inam və etimadın sarsılmazlığını bir daha nümayiş etdirir. Bəyannamədə informasiya və media sahəsində birgə platformaların inkişafı və diaspor fəaliyyətinin əlaqələndirilməsi də xüsusi qeyd olunur.
Bu isə beynəlxalq aləmdə haqq səsimizin daha gur eşidilməsini və ortaq maraqların qorunmasını asanlaşdırır. Ümumilikdə, Şuşa Bəyannaməsi xalqlarımızın gələcək inkişaf yolunu aydınlatmışdır. Bu möhtəşəm saziş Azərbaycan və Türkiyənin qardaşlıq bağlarını ən yüksək zirvəyə qaldıraraq əbədiləşdirmişdir..
YAP Nizami rayon təşkilatının Analitik qrupu