15 İyun Milli Qurtuluş Günü və davamlı sosial-iqtisadi inkişafın şanlı salnaməsi

Azərbaycanın müstəqillik tarixinin ilkin mərhələsi (1991-1993) ölkə üçün ciddi geosiyasi təhdidlərlə yadda qalmışdır. AXC-Müsavat iqtidarının dövlət idarəçiliyində buraxdığı kəskin səhvlər, ölkədəki anarxiya və siyasi xaos respublikanı uçuruma gətirmişdi. Belə bir ağır zamanda cəmiyyət nicat yolunu yalnız təcrübəli dövlət xadimi Heydər Əliyevin qayıdışında görürdü.

Dahi dövlət xadiminin hakimiyyətə tarixi dönüşü xalq-lider birliyinin sarsılmaz gücünü dünyaya nümayiş etdirdi. 15 İyunda Ali Sovetin sədri seçilən dahi rəhbər milli həmrəylik ideyasını irəli sürdü. Onun zəngin idarəçilik təcrübəsi dağılmaqda olan dövlət mexanizmlərini yenidən canlandırdı.

Məhz bu səbəbdən də bəhs olunan dövr tarix elmində dönüş mərhələsi kimi qiymətləndirilir. İqtisadi dirçəliş prinsiplərinin ordu quruculuğu prosesi ilə sintez edilməsi Heydər Əliyev dühasının şah əsəridir. Ölkədə yaradılan əlverişli investisiya mühiti milli təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsinə, sərhədlərimizin qorunmasına və hərbi kadrların peşəkarlaşmasına əvəzsiz töhfələr verdi. Milli Qurtuluş günündə əsası qoyulmuş strateji xətt bizi 44 günlük Vətən müharibəsinin şanlı Qələbəsinə qovuşdurdu. Prezident İlham Əliyevin dəmir iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız azad olundu, Ümummilli Liderin və əziz şəhidlərimizin müqəddəs ruhları şad edildi..

YAP Nizami rayon təşkilatının Analitik qrupu