15 İyun: Tənəzzüldən Zəfərə Gedən Şanlı Yol

1987-ci ilin oktyabrında Ümummilli Lider Heydər Əliyevin Sovet İttifaqı rəhbərliyində tutduğu yüksək vəzifələrdən istefa verməsi Azərbaycanın gələcək taleyində böyük fəsadların yaranmasına səbəb oldu. Bu hadisədən çox keçmədən erməni millətçiləri və onların sovet iqtidarındakı havadarları Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılması ilə bağlı mənfur planlarını işə saldılar. Əgər dahi lider həmin dövrdə hakimiyyətdə olsaydı, şübhəsiz ki, erməni separatçıları belə bir ərazi iddiasına heç vaxt cürət edə bilməzdilər. Təəssüf ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə, xüsusən 1991-1993-cü illərdə AXC-Müsavat iqtidarının dövlət idarəçiliyindəki kəskin səriştəsizliyi ölkəni uçuruma doğru sürüklədi. Ölkədə baş alıb gedən hərc-mərclik, silahlı dəstələrin qanunsuz əməlləri və siyasi xaos Azərbaycanı bir dövlət kimi tarix səhnəsindən silinmək təhlükəsi qarşısında qoymuşdu. Ümummilli Liderin qətiyyəti, məğlubedilməz siyasi iradəsi və cəsarəti Azərbaycanı fəlakət burulğanından sağ-salamat çıxarmağa müvəffəq oldu.

1993-cü ilin ortalarında hakimiyyət vakuumu səbəbindən dağılmaq ərəfəsində olan ölkə Heydər Əliyevin sədrlik postuna seçilməsindən dərhal sonra inkişaf və sabitlik fazasına daxil oldu. Vətəndaşlara öz hüquqlarını qoruyan bir dövlətin varlığı yenidən hiss etdirildi. Parçalanmış cəmiyyət milli ideologiya, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirildi. Milli Qurtuluş Gününün əsas mahiyyəti məhz budur: o, Azərbaycan xalqına təkcə dinc yaşamaq hüququnu yox, həm də öz qürurunu, milli ləyaqətini və müstəqil gələcəyini geri qaytardı. Heydər Əliyevin düşünülmüş, qətiyyətli və praqmatik dövlət siyasəti sayəsində Azərbaycan qlobal enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrildi. Eyni zamanda, iqtisadi qüdrətin artması ordu quruculuğunda inqilabi islahatların aparılmasına şərait yaratdı.

Pərakəndə silahlı dəstələr ləğv edildi, dövlətin müdafiə qabiliyyətini maksimum səviyyəyə çatdıran peşəkar silahlı qüvvələr yaradıldı. Paralel olaraq, 1992-ci ildə hələ Naxçıvanda ikən əsası qoyulan Yeni Azərbaycan Partiyası (YAP) iqtidar partiyası kimi bütün ölkəboyu təşkilatlanaraq müasir siyasi sistemin təşəkkül tapmasında və cəmiyyətin inkişafa səfərbər edilməsində həlledici avanqard qüvvə kimi çıxış etməyə başladı. Qurtuluş günündən qoyulmuş möhkəm təməllər bizi şanlı Qarabağ Zəfərinə, unudulmaz bir qalibiyyətə çatdırdı. Prezident İlham Əliyevin ‘Dəmir yumruq’ fəlsəfəsi, ordumuzun peşəkarlığı və xalq-iqtidar birliyi sayəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi. Ümummilli Liderin və uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhları bu gün çox şaddır ki, dövlət bayrağımız ölkəmizin bütün guşələrində azad və məğrur şəkildə dalğalanır. Azad Qarabağda həyata keçirilən yenidənqurma işləri, tikilən yeni infrastruktur layihələri Heydər Əliyev yolunun heç vaxt tükənməyəcək əbədi bir inkişaf xətti olduğunu sübut edir..

YAP Nizami rayon təşkilatının Analitik qrupu